Məhkəmə qərarları › İş №3(054)-209/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-209/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-209/2023 13.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsili, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21099 MİNİK” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi səbəbi ilə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materiala baxılması xx.xx.2023-cü il tarixə saat 17:15-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına rəsmi qaydada məlumat verilmişdir. Lakin Şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək Oğuz rayon Polis Şöbəsinin DYPŞ-nin həmin tarixli qərarı ilə 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin cərimə məbləğini ödəməmişdir. İş materiallarına əlavə edilmiş, elektron informasiya məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydalarının pozulmasına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tətbiq edilmiş 40 (qırx) manat miqdarında inzibati cərimə məbləğinə 24 (iyirmi dörd) manat dəbbə pulu hesablanmışdır. İnzibati cərimə məbləğinə hesablanmış dəbbə pulu hazırda 24 (iyirmi dörd) manat (yəni 40 (qırx) manat miqdarında cərimə məbləği üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmalı olan dəbbə pulunun son həddində) olsa da, iş materiallarından görünür ki, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol dəbbə pulu son həddə çatdıqdan sonra deyil, xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd olunan hüquq normalarının ümumi məzmunundan göründüyü kimi, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimənin ödənilməməsi yalnız həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçdikdən sonra (yəni inzibati xəta hadisəsinin törədildiyi vaxtdan ən azı 110 gün sonra) cərimə məbləği və bu məbləğə hesablanmış dəbbə pulu ödənilmədikdə şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilə bilər. Hazırki işin materiallarından isə görünür ki, xx.xx.2023-cü il tarixdə, yəni xx.xx.2023-cü il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçmədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, yalnız protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Belə olan halda, Şəxs Oğuz rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən hələ inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş şəxs statusunda olmamışdır. Bu səbəbdən həmin vaxt onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi də yaranmamış və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol da əsassız olaraq tərtib edmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar