Məhkəmə qərarları › İş №3(054)-214/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-214/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-214/2023 28.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində anadan olmuş, Qəbələ rayonu Yemişanlı kəndində qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:32 radələrində Oğuz rayonu Bayan kəndi ərazisində “VAZ 2106 MİNİK” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə yol verməsi faktı üzrə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin protokol üzrə toplanmış inzibati material ərazi aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında Oğuz rayon Polis Şöbəsinin nümayəndəsi - Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşı X1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:32 radələrində Oğuz rayonu Bayan kəndində idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etdiyinə görə saxlanılmışdır. Belə ki, Şəxs avtomobilin qabaq hissəsinə quraşdırılmış dövlət qeydiyyat nişanının üzərini kartonla örtmüş, arxa tərəfdəki nişanın üstünə isə plastilin bənzəri bir şey yapışdırmışdır. Bununla bağlı videogörüntülər məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə “VAZ 2106 MİNİK” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini texniki baxışdan keçirtmək üçün müvafiq orqana getdiyindən həmin avtomobilin dövlət qeydiyyat nişanına polis əməkdaşları tərəfindən görülməməyi üçün palçıq vurmuşdur. O etdiyi hərəkətin inzibati məsuliyyətə səbəb ola biləcəyini başa düşməmişdir. O həmin əməli törətsə də inzibati xətanın törədildiyi ərazi Yol Patrul Xidməti Alayının nəzarəti altında olduğundan hesab edir ki, bu barədə inzibati protokol Oğuz rayonu Yol patrul xidməti inspektoru tərəfindən deyil, Yol Patrul Xidməti Alayının əməkdaşı tərəfindən yazılmalı idi. Etdiyi hərəkətə görə isə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsinin qeydə alındığı yerdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs həqiqətən də, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə “VAZ 2106 MİNİK” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tədqiq edilmiş digər sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:32 radələrində Oğuz rayonu Bayan kəndi ərazisində idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etdiyinə görə Oğuz rayon Polis Şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 25-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında iş üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Baş X3 İdarəsinin rəisi, onun müavinləri, Baş X3 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinin rəisi, ərazi polis orqanlarının X3 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X3 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X3 qruplarının rəhbərləri, X3nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X3 İdarəsinin, X3 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X3 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları tərəfindən tərtib edilir. Şəxs hazırki iş üzrə protokolun Oğuz rayonu Yol patrul xidməti inspektoru tətəfindən tərtib edilməsini mübahisələndirsə də, yuxarıdakı normanın məzmunundan görünür ki, Oğuz rayonu Yol patrul xidməti inspektorunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti vardır. Hazırki iş üzrə protokol tərtib edən polis əməkdaşının belə bir səlahiyyəti mövcud olmasaydı belə, qeyd edilən inzibati xəta hadisəsinin törədilməsi faktı müəyyən edildiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü də bu faktı məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq etdiyindən, iş üzrə icraata xitam verilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin süni surətdə inzibati məsuliyyətdən yayınmasına səbəb olardı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan aşağı həddə - 500 manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 500 manat miqdarında inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar