Məhkəmə qərarları › İş №3(054)-228/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-228/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-228/2022 22.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərər çəkmiş şəxs (tələbkar) X1 iştirakı ilə xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2 (054) - 32 / 2011 nömrəli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 50 manat - cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün X2 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X11 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2011-ci il tarixli 2 (054) - 32 / 2011 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlar yetkinlik yaşına çatmış olsalar da, borclunun tələbkara 6860 manat aliment borcu qalmışdır. Borclu icra məmurunun çağırışlarına da gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Hazırda borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, lakin o, aliment borcundan ödəniş etməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, daimi olaraq heç bir yerdə işləmir və gəlir əldə etmir. O, aliment borcunu tam şəkildə ödəyə bilməsə də, indiyədək maddi imkanları daxilində müəyyən qədər ödənişlər etmişdir. Tələbkardan ayrıldıqdan sonra başqa bir qadınla ailə qurmuşdur və həmin nikhadan da iki azyaşlı uşağı vardır. Hazırki vəziyyətdə 6860 manat aliment borcunu tam olaraq ödəmək imkanı yoxdur, həmin borcu hissə-hissə ödəməyə çalışacaqdır. Törətdiyi innzibati xətaya görə səmimi peşmançılıq hissləri keçirir. Qeyd etdiklərinə əsasən maddi və ailə vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs (tələbkar) X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclunun hazırda ona 6860 manat gecikdirilmiş aliment borcu vardır. O, həmin məbləğin ödənilməsini tələb edir, borclu isə aliment borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2 (054) - 32 / 2011 nömrəli qətnaməsinə əsasən Şəxs hər ay cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 6860 manat gecikdirilmiş aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin (tələbkar) izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkara ödənilməli olan gecikdirilmiş aliment borcunun miqdarını, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs edilməsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq inzibati həbsin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar