Məhkəmə qərarları › İş №3(054)-228/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-228/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-228/2025 26.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31498478 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən barəmdə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ31498478 saylı inzibatı xəta haqqında protokol əsasında verilmiş elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini əsaslandıraraq bildirmişdir ki, o, Oğuz rayon Şirvanlı kəndində yaşayır. Azərbaycan Respublikasının vətəndaşıdır. BC506654 saylı sürücülük vəsiqəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək B1,B,C1 və C kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. BB795204 saylı X1 Şəhadətnaməsinə əsasən ** PL *** qeydiyyat nişanlı, RAVON NEXİA R3 Minik markalı, Sedan tipli avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. O, "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli etibarnamə əsasında qeyd edilən avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə həmin avtomobillə Bakı şəhəri 20 Yanvar dairəsində hərəkət edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ31498478 saylı inzibatı xəta haqqında protokol əsasında barəsində eyni tarixli və nömrəli elektron qərar qəbul edilmiş, qeyd edilən qərarla barəsində AR İXM-nin 346.4-cü maddəsinə əsasən 80,00 (səksən) manat məbləğində cərimə və 2 cərimə balı tətbiq edilmişdir. İstifadəsində olan mobil nömrəsinə SMS göndərilərək onun Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-nin 346.4-cü maddəsinə əsasən 80,00 manat cərimə edildiyi və barəsində 2 bal tətbiq edildiyi bildirilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ31498478 saylı inzibatı xəta haqqında protokol və həmin protokol əsasında verilmiş qərarla əlaqədar bildirir ki, həmin protokol və qərar əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, yolun həmin hissəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan "Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasını və ya durmasını qadağan edən hər hansı yol nişanı qoyulmamışdır. Belə bir qadağan edici yol nişanı olmadığından o, qeyd edilən inzibati xətanı törətməmişdir, hər hansı qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ31498478 saylı inzibatı xəta haqqında protokol və həmin protokol əsasında verilmiş qərarla barəsində 80 manat məbləğində cərimə və 2 bal tətbiq edilməsindən narazı və şikayətçidir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində 20 Yanvar dairəsində sərnişin düşürən zaman onun barəsində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, onun tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. Belə ki, həmin yolda nişanlama xətləri mövcud deyildir. Yəni, onun dayandığı yer ikinci cərgə sayılmır. Həmçinin, dayanma və durmanı qadağan edən yol nişanı da yoxdur. Orada sadəcə “yol ver”, “giriş qadağandır” və “məcburi sol” yol nişanları mövcuddur. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən işə DİN Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31498478 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 80 manat miqdarında inzibati cərimə edilmişdir. “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin maddənin İİ hissəsinə əsasən yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X3 şikayətində onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31498478 nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, qeyd olunan qərarın qanunsuz və ya əsassız olması ilə bağlı, həmin qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı sübutunu da məhkəməyə təqdim etməmişdir. Hazırki məhkəmə iclasında tədqiq olunmuş faktlarla və qeyd edilən hüquq normalarının tələbləri baxımından onun həmin qərarda göstərilən inzibati xətaya həqiqətən yol verdiyi müəyyən edilmişdir. X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31498478 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə də nəqliyyat vasitəsinin sürücüsünün yolun səkiyə bitişik hissəsində dayanmadığı aşkar şəkildə görünür. Seymur Qasımov şikayətində və məhkəmə iclasında verdiyi izahatında yolda nişanlama xətlərinin və dayanma və durmanı qadağan edən yol nişanlarının olmadığını qeyd etsə də, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələblərindən aydın olur ki, hər hansı əlavə yol nişanı və ya başqa tələb olmadan yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması imperativ norma ilə qadağan edilmişdir. Yəni, hər bir sürücü yol hərəkət qaydalarını bilməli olduğundan, Seymur Qasımovun da əlavə yol nişanlarına ehtiyac olmadan yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmalı və ya durmalı olmadığını bilməsi ümumi qayda kimi qəbul edilir. X2 hazırki şikayətində məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi digər xüsusatlar da barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 31498478 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X2 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X2 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31498478 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə hazırki şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar