Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-23/2025 12.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC-nin 556 800 (beş yüz əlli altı min səkkiz yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından xx.xx.2022-ci il tarixdə ödəniş tapşırığına əsasən qabaqcadan ödəniş etməklə Azərbaycan Respublikasından kənara köçürməsi, lakin ödəniş aparıldığı vaxtdan 2 ildən artıq müddət keçməsinə baxmayaraq 556 800 (beş yüz əlli altı min səkkiz yüz) ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin də xaricdən geri qaytarılmaması əsası ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin barəsində xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, nümayəndə-Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə qeyd etmişdir ki, Şəxs MMC Mərkəzi Banka müraciət edərək avans ödənişi zamanı kibercinayət faktına məruz qalması ilə əlaqədar malların ölkəyə idxalının və ya göndərilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığını bildirmiş və bununla əlaqədar müvafiq sənədləri təqdim edilmişdir. Eyni zamanda, qeyd olunan sənədlər elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə də təqdim etmişdir. Müraciətə əlavə olunmuş sənədlər təhlil edilərək hazırki iş üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi - həmin hüquqi şəxsin direktoru X4 oğlu da məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 oğlu məhkəməyə göndərdiyi vəsatətində qeyd etmişdir ki, Şəxs MMC artıq 2015-ci ildən Serbiya Respublikasının “AQROSAVA” DOO şirkəti ilə toxumçuluq sahəsində əməkdaşlıq edir. Həmin şirkətdən hibrid qarğıdalı toxumu alınır və Azərbaycan Respublikasının toxumçuları təmin edilir. Növbəti müqavilə bağlayıb toxum almaq üçün “AQROSAVA” DOO şirkətinin elektron poçtundan xx.xx.2022-ci il tarixdə saat 13:18-də Şəxs MMC-nin elektron poçtuna 661920 ABŞ dolları dəyərində müqavilə göndərilmişdir. Həmin məbləğin bir hissəsi olan 556 800 ABŞ dolları xx.xx.2022-ci il tarixdə “AQROSAVA” DOO-nun hesabına köçürmək istədikləri an saat 11:29-da “AQROSAVA” DOO-nun elektron poçtundan onların elektron poçtuna məktub göndərilmişdir. Həmin məktubda bildirilmişdir ki, "AGROSAVA" DOO-nun xx.xx.2022-ci il tarixdə saat 13:18-də göndərilən bank rekviziti səhv yazılıb və buna görə də düzgün bank rekviziti yazılmış müqavilə göndərilir. Həmin vəsaitin də onların göndərdiyi bank rekvizitinə köçürmələrini xahiş etmişlər. Onlar da heç bir şeydən şübhələnmədən 556 800 ABŞ dolları vəsaiti onların göstərdiyi bank hesabına köçürmüşlər. SWİFT bildirişini də "AGROSAVA" DOO-ya göndərmişlər ki, bunu görsünlər və onların göndərdiyi tırları ləngitmədən yükləsinlər ki, yeni il bayramına qədər tırlar "AGROSAVA" DOO-dan yüklənib çıxsınlar. Lakin xx.xx.2022ci il tarixdə "AGROSAVA" DOO onlara yazmışdır ki, sizin göndərdiyiniz 556 800 ABŞ dolları gəlib "AGROSAVA" DOO-nun bank hesabına oturmamışdır. Elə həmin gün onlar SWİFT bildirişinə baxıb demişlər ki, siz yanlış hesaba pul köçürmüsünüz. Onlar isə bildirmişlər ki, "AGROSAVA" DOO onlara "AGROSAVA" DOO-nun elektron poçtundan xx.xx.2022-ci il tarixdə, saat 11:29-da məktub göndərmiş və xahiş etmişdir ki, əvvəlki bank hesabını mühasibi səhv yazıb. Buna gör də, onlara Citizens Bankında olan hesabı göndərmişlər ki, pulu ora köçürsünlər. "AGROSAVA" DOO-nun elektron poçtundan gələn məktubu onlara təqdim etmişlər. "AGROSAVA" DOO isə bütün bunları inkar etmiş və bank hesabının dəyişməsi barədə heç bir məktub göndərmədiklərini və bütün bunların yəqin ki, xakerlər tərəfindən edildiyini bildirmişlər. Onlar aldadıldıqlarını biləndən sonra bank hesabları olan "xxxx" ASC-yə ərizə ilə müraciət etmişlər ki, pulun geri qaytarılması üçün müraciət etsinlər. "xxxx" ASC-dən onlara bildirmişlər ki, onlar həmin vəsaiti korrespondent bankları olan "City Bank" vasitəsi ilə “Citizens Bank”-a göndərmişlər, buna görə də "City Bank"-a müraciət ediləcəkdir. Bundan sonra "xxxx" ASC tərəfindən "City Bank"a müraciət edilərək, həmin pulun səhvən "Citizens Bank"a göndərildiyi bildirilmişdir. Lakin "City Bank" bildirmişdir ki, "Citizens Bank"a bu barədə məlumat verilməsinə baxmayaraq bu günə qədər heç bir məlumat almayıblar. Bundan sonra "xxxx" ASC belə qərara gəlmişdir ki, "Citizens Bank"-ın ABŞ-dakı ünvanına poçt vasitəsilə bu barədə xəbərnaməli məktub göndərsinlər və belə də etmişlər. Sonradan "Citizens Bank"la bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlayıb məlumat almaq istədikdə hər dəfə demişlər ki, sizin poçt vasitəsilə göndərdiyiniz məktubunuza baxılması növbəsi yalnız 2023-cü il aprel ayına nəzərdə tutulur. Pulun saxta bank hesabına getməsi barədə xx.xx.2022-ci il tarixdə "Citizens Bank"ın faks nömrəsinə faks da göndərmişlər. "AGROSAVA" DOO isə pulun onlara çatmadığını bildirirək yüklənmiş 4 tırı buraxmamışdır. Tırlar 15 gün "AGROSAVA" DOO-da qalmış və buna görə də tırların sahibinə 5700 ABŞ dolları cərimə ödənilmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən bildirilmişdir ki, "xxxx" MMC-yə təqdim edilməsi üçün ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqatlar Bürosundan məktub daxil olmuşdur. Həmin məktubda bildirilirdi ki, Şəxs MMC "The Travelxperience LLC kimi fəaliyyət göstərən X1 ilə bağlı Federal Təhqiqat Bürosunun ("FTB") müsadirə araşdırmasında mümkün zərərçəkmiş kimi tanınmışdır. Qeyd edilən məktuba, həmçinin həmin araşdırma ilə bağlı müsadirə olunacaq vəsaitlər hesabına məruz qaldıqları zərərin əvəzinin ödənilməsi üçün ərizə, yaxud izahat təqdim edilməsi xahiş edilmişdir. Bununla bağlı "xxxx" MMC tərəfindən müvafiq izahat tərtib olunmuş, təsdiqləyici sənədlər ingilis dilinə tərcümə edilməklə və müvafiq qaydada notarial və "Apostille" rejimində təsdiqlənməklə 10 iyun 2024-cü il tarixdə Federal Təhqiqat Bürosunun baş ofisinə göndərilmişdir. Bundan sonra həmin ünvana 14 iyul 2024-cü il tarixdə məktub göndərilərək, müraciətlərinə baxılmasının nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Bundan əlavə, 18 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə də yuxarıda qeyd edilən kibercinayət faktı ilə şikayət də göndərilmişdir. Dövlət Təhlükəsizlik Xidmətindən bildirilmişdir ki, həmin işlə bağlı sənədlər Federal Təhqiqatlar Bürosunun baş ofisinə deyil, həmin təşkilatın San Diego şöbəsinə göndərilməlidir. Qeyd edilən səbəbdən 10 iyun 2024-cü il tarixdə Federal Təhqiqat Bürosunun baş ofisina göndərilmiş sənədlər 18 fevral 2025-ci il tarixdə müşayiət məktubu ilə Federal Təhqiqat Bürosunun San Diego şöbəsinə göndərilmişdir. Vəsatətdə istinad edilən sənədlər hazırkı vəsatətə əlavə edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində toxumun çatdırılmaması və ya pul vəsaitinin geri qaytarılmaması "xxxx" MMC-nin iradəsindən asılı olmayan obyektiv səbəblərdən, yəni, "xxxx" MMC-nin külli ziyan vəsaitinin ələ keçirilməsi ilə törədilmiş və hazırda ABŞ Federal Təhqiqat Bürosunun San Dieqo şöbəsində araşdırılan kibercinayət hadisəsi nəticəsində baş vermişdir. Qeyd edilənlərə əsasən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı Oğuz rayonu Baş Daşağıl kəndidir və qanuni təmsilçisi X3r. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs MMC 556 800 (beş yüz əlli altı min səkkiz yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından xx.xx.2022-ci il tarixdə qabaqcadan ödəniş etməklə Azərbaycan Respublikasından kənara köçürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişə əsasən, ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqat Bürosunun xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, hüquqi şəxs Şəxs MMC The Travelxperience LLC kimi fəaliyyətdə göstərin X2 ilə bağlı Federal Təhqiqat Bürosunun müsadirə araşdırmasında mümkün zərər çəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş, Şəxs MMC-nin xx.xx.2024-cü il tarixli şikayətinin surətindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edərək Şəxs MMC-yə münasibətdə kibercinayət əməli törətməklə, müəssisəyə əhəmiyyətli zərər – 556 800 ABŞ dolları məbləğində zərər vurmuş şəxsin (şəxslərin) müəyyən edilərək barələrində cinayət işinin başlanması və həmin cinayət işinin icraatında Şəxs MMC-nin zərər çəkmiş şəxs kimi tanınması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası DTX-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub əsasında müvafiq araşdırma davam etdirilir. İş materiallarına əlavə edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 556 800 ABŞ dolları məbləğində vəsaitin qaytarılmasında köməklik göstərilməsi barədə müraciət əsasında bir neçə dəfə benefisiarın (vəsaiti alanın) bankına – “Citizens Bank”-a müraciət olunmuşdur. Müraciətlərə cavab olaraq, vəsaiti alan tərəfə məlumat verildiyi və müsbət geri dönüş olduğu təqdirdə vəsaitin geri qaytarılması üzrə zəruri tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə hüquqi şəxs Şəxs MMC-nin 556 800 ABŞ dolları məbləğində vəsaiti 27 dekabr 2022-ci il tarixdə xaricə köçürdüyü və 2 il müddət keçsə də, 556 800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyi, valyuta vəsaitini geri qaytarmadığı qeyd edilmişdir. Lakin hazırki vəziyyətdə işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 556 800 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürsə də, həmin vəsait hesabına hər hansı əmlak satın almamış və vəsaitin geri qaytarılması da mümkün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC-nin əməkdaşlıq etdiyi, Serbiya Respublikasının “AQROSAVA” DOO şirkətinin elektron poçtuna üçüncü şəxslər müdaxilə edərək Şəxs MMC-yə yanlış hesab nömrəsi vermiş, Şəxs MMC pul məbləğini göstərilən bank hesabına köçürmüş, həmin vəsait isə mənimsəmişlər. Həmin faktla əlaqədar rəsmi orqanlarda icraat başlamış, Şəxs MMC ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqat Bürosu tərəfindən zərər çəkmiş şəxs qismində tanınmışdır. İş üzrə hazırda da araşdırma aparılır və həmin vəsaitin geri qaytarılması hələlik təmin edilməmişdir. İş materiallarından göründüyü kimi hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verildiyi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-23/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-23/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver