Məhkəmə qərarları › İş №3(054)-236/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-236/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-236/2023 28.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1988-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, subay, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Kreditor "xxxx" X5 Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1627 / 2016 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 767 ABŞ dolları 63 sent borc və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kreditor "xxxx" X5 Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1781 / 2016 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 564 manat 45 qəpik tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 2007 / 2016 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 944 ABŞ dolları 52 sent borc və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Şəxs qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2 (054) - 486 / 2019 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 736 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Şəxs qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 70 / 2020 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 1104 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin işlər üzrə icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2023-cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1627 / 2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2 (054) - 1781 / 2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2 (054) - 2007 / 2016 nömrəli məhkəmə əmrləri, xx.xx.2019-cü il tarixli 2 (054) - 486 / 2019 nömrəli və xx.xx.2020-ci il tarixli 2 (054) - 70 / 2020 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədlərii üzrə borcluya tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkarlara cəmi 3034 manat ödənilməmiş borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o bir müddət işləsə də, son 3 ildir ki daimi olaraq heç bir yerdə işləmir, lakin o vaxta kimi “ Bazarstore” Super Marketində baş qəssab vəzifəsində və digər yerlərdə çalışmış və həmin dövrdə borcundan müəyyən qədər ödənişlər etmişdir. Həmin borcların bir qismi əslində onun deyil, bilavasitə iş yoldaşının borcu olmuşdur. Belə ki, məişət avadanlıqlarını özünün adından iş yoldaşı üçün götürmüş, lakin həmin şəxs borcu ödəməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit də dollarla olduğundan ikinci devalvasiyadan sonra həmin borcu ödəyə bilməmişdir. O tezliklə yeni işə başlayacaqdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu 2-3 gün ərzində, qalan borclarını isə 1 il ərzində tamamilə bağlayacağına söz verir. Maddi imkansızlıq üzündən tələbkarlara olan borcun ödənilməsində çətinlik çəkir. O, borcun ödənilməsindən boyun qaçırmır və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməli olduğunu başa düşür. Eyni zamanda qeyd edir ki, o, qeydiyyatda olduğu ünvanda, yəni Oğuz rayonu Xaçmaz kəndində deyil, bir müddət faktiki olaraq başqa ünvanda yaşadığına görə icra qurumunun çağırışlarına da gələ bilməmişdir. Bundan başqa onun himayəsində iki azyaşlı uşağı da vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Borclu 1 il ərizndə bütün borclarını tam şəkildə ödəyəcəyinə söz verir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər "xxxx" X5 Səhmdar Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi icra məmuru tərəfindən məlumatlandırılmalarına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişlər. İcra məmurunun deməsinə görə, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilə telefon əlaqəsi saxlanıldıqda, borcun tam şəkildə ödənilməsinin tələb edildiyi bildirilmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1627 / 2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2 (054) - 1781 / 2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2 (054) - 2007 / 2016 nömrəli məhkəmə əmrləri, xx.xx.2019-cü il tarixli 2 (054) - 486 / 2019 nömrəli və xx.xx.2020-ci il tarixli 2 (054) - 70 / 2020 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkarlara cəmi 3034 manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs himayəsində azyaşlı övladlarının olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkarın mövqeyini, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar