Məhkəmə qərarları › İş №3(054)-242/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-242/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-242/2025 20.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, subay, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (023) - 911 / 2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh Şəxs 23 aprel 2018-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq 05 yanvar 2010-cu il tarixdə anadan olmuş Aytəkin adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 izahat verərək bildirdi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (023) - 911 / 2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkara 3000 manat aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, sadəcə təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Onun hazırda yaranmış aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Lakin gələcəkdə borcunun hissə-hissə ödəməklə aradan qaldırcaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (023) - 911 / 2018 nömrəli qətnaməsinə əsasən Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 3000 manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbehini tətbiq etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 8 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 15:50dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar