Məhkəmə qərarları › İş №3(054)-252/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-252/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-252/2023 13.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 (on) gün müddətində, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 213 / 2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 15 (on beş) gün müddətində inzibati həbs edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə X1 və ailə üzvlərini mobil telefonla alçaldıcı ifadələrlə təhqir etməsi və Oğuz rayonu Ərmənət kəndində küçədə onlara qarşı ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X1 və ailə üzvlərini mobil telefonla alçaldıcı ifadələrlə təhqir etməsi və Oğuz rayonu Ərmənət kəndində küçədə onlara qarşı ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bir müddət əvvəl arvadı aralarında yaranmış narazılıq səbəbindən uşaqları götürüb Oğuz rayonu Ərmənət kəndinə-valideynlərinin yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə o, günorta saatlarında övladlarını görmək məqsədi ilə Oğuz rayonu Ərmənət kəndinə getmiş və uşaqlarla onların təhsil aldığı məktəbdə görüşmüşdür. Lakin həmin vaxt orada nalayiq ifadələr işlətdiyini xatırlamır. Bundan sonra o öz yaşadığı ünvana gedərək spirtli içki qəbul etmiş və əsəbiləşərək qaynanası Səmayə Hüseynovanın istifadəsində olan nömrəyə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə nalayiq və alçaldıcı ifadələr işlətdiyi səs yazısı göndərmişdir. Lakin bu zaman içkili olduğundan etdiyi əməli tam dərk etməmişdir. xx.xx.2023-cü il tarixdə isə onun evini almaq istəyən şəxslə görüşmək məqsədi ilə Oğuz rayonu Kərimli kəndinə getmiş, həmin gün barəsində polisə şikayət edildiyini öyrəndiyi üçün də bunu xatırlayaraq yenidən əsəbiləşmiş və orada olan ərzaq mağazasının qarşısında Səmayə Hüseynova və ailəsinin ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək onun Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. O törətdiyi əməli etiraf edir, əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə heç bir tabesizlik göstərməmiş və könüllü şəkildə Polis Şöbəsinə getmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1582 nömrəli raportdan müəyyən edilir ki, Şəxs barəsində X1 tərəfindən Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək şikayət verməsi faktı üzrə araşdırma aparılmış və həmin araşdırma çərçivəsində Zahid Şirinovun və şahidlərin izahatları alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 213 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 15 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə tərəfindən, məhkəməyə təqdim edilən, Şəxs tərəfindən Səmayə Hüseynovanının istifadəsində olan nömrəyə göndərilmiş səs yazısının köçürüldüyü diskə baxış keçirilmişdir. Baxış zamanı Şəxs Səmayə Hüseynova və onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X1 və ailə üzvlərini mobil telefonla alçaldıcı ifadələrlə təhqir etmiş və Oğuz rayonu Ərmənət kəndində küçədə onlara qarşı ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nalayiq ifadələr işlətməsi ilə əlaqədar səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi isə həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq inzibati həbs müddətinin 18 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 21:30-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 18 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 21:30-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2023-cü il tarixdə saat 21:30-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar