Məhkəmə qərarları › İş №3(054)-26/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-26/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-26/2025 11.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, Oğuz rayonu Bayan kəndində qeydiyyatda olan, faktiki olaraq Oğuz rayonu Şirvanlı kəndində yaşayan, subay, orta təhsili, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızı haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 30 / 2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızından hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, həmin qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızı tələbkara olan aliment borcunu ödəmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 30 / 2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə borcluya tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkara 8900 (səkkiz min doqquz yüz) manat aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızının inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızı izahat verərək bildirdi ki, daimi olaraq heç bir yerdə işləmir, lakin işlədiyi dövrdə aliment ödənişlərini həyata keçirmişdir. Onun hazırda tələbkara 8900 (səkkiz min doqquz yüz) manat aliment borcu yaranmışdır. Hazırki vəziyyətdə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızının müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin vaxt verilərsə qalıq borcu hissə-hissə ödəyəcəkdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, dəfələrlə borcluya güzəşt etmişdir, lakin borclunun hazırda ona 8900 (səkkiz min doqquz yüz) manat gecikdirilmiş aliment borcu vardır. Eyni zamanda borclu daim sosial şəbəkələrdə canlı yayımlar açaraq uşaqların psixologiyasına mənfi təsir göstərir. O yaranmış aliment borcu məbləğinin ödənilməsini tələb edir, borclu isə aliment borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 30 / 2022 nömrəli qətnaməsinə əsasən borclu Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızından hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli olduğu halda, həmin icra sənədi üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkara cəmi 8900 (səkkiz min doqquz yüz) manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızı barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızı tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızı tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkarın mövqeyini, habelə hazırki vəziyyətdə Mahmudova (Seyidxanova) Aygün Səbzəddin qızına inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimə məbləğinin 700 (yeddi yüz) manat müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Mahmudova (Seyidxanova) X6 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar