Məhkəmə qərarları › İş №3(054)-264/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-264/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-264/2024 09.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, Fındıq emalı zavodunda mühafizəçi vəzifəsində işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs 2023-cü ilin payız aylarında Oğuz şəhəri Cavanşir küçəsində X2 ünvanına nalayiq ifadələr işlətməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs 2023-cü ilin payız aylarında Oğuz şəhərində küçədə X3 arvadının ünvanına nalayiq ifadələr işlətdiyi üçün X10 Nəsibov barəsində Oğuz rayon Polis Şöbəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək onun barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin məlumat əsasında onun tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Tural X1 arvadının ünvanına nalayiq ifadələr işlətdiyinə görə onlar arasında mübahisə yaranmışdır. Bir neçə gün sonra Şəxs Ramazan Mövlamova zəng edərək bu məsələnin aralarında qalmasını xahiş etmiş və Bakı şəhərinə getmişdir. Ramazan Mövlamov həmin hadisənin üzərindən xeyli müddət keçdikən sonra ərizə ilə Polis Şöbəsinə müraciət etmişdir. Polis əməkdaşlarının təlimlərə cəlb edilməsi ilə əlaqədar araşdırma ləngimiş, lakin sonradan araşdırma zamanı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, təxminən, 1.5-2 il əvvəl Oğuz şəhərində bazar yerində yeməkxanaların birində spirtli içki qəbul etmişdir. Həmin ərazidə yerləşən “Nizami” şadlıq sarayının yanından keçərkən ondan arxada içkili vəziyyətdə olan Ramazan Mövlamov əsəbi şəkildə ondan yol istəmişdir. O, Ramazana bunu daha normal şəkildə də xahiş edə biləcəyini bildirmişdir. Bundan sonra Ramazan Mövlamov onu ara yollardan birinə çağırmışdır. Onlar bir müddət mübahisə etdikdən sonra öz yollarına davam etmişlər. Bir gün sonra o, Ramazan Mövlamova zəng edərək ona səhvini başa düşdüyünü bildirmiş və üzr istəmişdir. Beləliklə həmin məsələni həll etmiş, bir nüçə gün sonra isə Bakı şəhərinə getmişdir. O, Ramazan Mövlamovun arvadını tanımır və onun ünvanına da hər hansı nalayiq ifadələr işlətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun arvadı X12 şəhərində yerləşən “Nizami” şadlıq sarayında qabyuyan işləyir. Arvadının işlədiyi yer yaşadıqları yerdən uzaq olduğundan o, hər gün iş yerinin yanında arvadının işdən çıxmasını gözləyir. Təxminən, 2023-cü ilin sentyabr-oktyabr aylarında yenə çayxanaların birində arvadını gözləmiş, onun işdən çıxdığını gördükdə o da çayxanadan çölə çıxmışdır. Bu zaman Şəxs ondan qarşıda hərəkətdə olmuş və onun arvadı barədə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs içkili olsa da, o özü spirtli içki qəbul etməmişdir. O, Turaldan arvadına qarşı etdiyi hərəkətin səbəbini soruşmaq üçün onunla ara yollardan birində söhbət etməyə başlamış, arvadı onlar tərəfə yaxınlaşdığı üçün ondan aralaşmış, yenidən həmin əraziyə gəldikdə isə Turalı tapmamışdır. Hadisədən bir gün sonra Şəxs ona zəng edərək bu məsələnin aralarında qalmasını xahiş etmiş, bir neçə gün sonra isə Bakı şəhərinə getmişdir. O, bu hadisə ilə əlaqədar təxminən bir ay əvvəl Oğuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ramazan Mövlamovun müraciəti əsasında Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 2023-cü ilin payız aylarında Oğuz şəhəri Cavanşir küçəsində X2 ünvanına nalayiq ifadələr işlətdiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə törədildiyi qeyd edilən inzibati xəta hadisəsi 2023-cü ilin payız aylarında (dəqiq tarix inzibati xəta haqqında protokolda qeyd edilməmiş, işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən etmək mümkün olmamışdır.) baş vermişdir. Hadisənin baş verdiyi tarix kimi 2023-cü ilin sonuna kimi olan müddət götürülmüş olsa belə, həmin tarixdən də 7 (yeddi) ay 9 (doqquz) gün müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi güman edilən inzibati xəta hadisəsinin baş verdiyi vaxtdan 4 aydan artıq müddət keçdiyindən həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi halı istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105, 114cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar