Məhkəmə qərarları › İş №3(054)-297/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-297/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-297/2024 10.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Dəymədərə kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, "xxxx" MMCdə mühafizəçi vəzifəsində çalışan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində Şəxs ucadan səs-küy salmaqla polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmin faktlar əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır. Vəzifəsinin xüsusiyyəti ilə əlaqədar tütün yüklü avtomobillər müəssisəyə gəldikdə qapıları açmalı, onlar həyətə daxil olduqdan sonra isə bağlamalıdır. xx.xx.2024-cü il tarixdə yenə tütün yüklü avtomobil müəssisəyə gəldiyi üçün qapıları açmış, sürücü ona növbəti avtomobilin də gəldiyini deyərək qapıları bağlamamağını xahiş etmişdir. O da ikinci avtomobil həyətə daxil olduqdan sonra qapıları bağlamaq üçün gedərkən YPX əməkdaşları qapıya gəlmiş və içəri daxil olmağa çalışmışlar. O, polis əməkdaşlarına içəri daxil ola bilməyəcəklərini bildirmişdir. Bu zaman Fərid adlı polis əməkdaşı tütün daşıyan avtomobilin yüklü vəziyyətdə müəssisədən çıxmasını tələb etmişdir. O həmin polis əməkdaşına avtomobildəki yükün qeydiyyata düşdüyü və təhlükəsizlik kamerası ilə qeydə alındığı üçün idarədən kənara çıxarıla bilməyəcəyini bildirmiş, bu zaman polis əməkdaşları ilə sözlü mübahisə yaranmışdır. Bundan sonra müəssisənin rəhbər şəxsləri gələrək məsələni danışaraq həll edə biləcəklərini bildirmişlər. Ancaq polis əməkdaşları onun qolunu buraraq YPX avtomobilinə mindirməyə çalışmışlar. Müəssisənin rəhbəri həmin vaxt onu avtomobilə əyləşdirməmələrini xahiş etmiş, lakin polis əməkdaşları onları da məcburi şəkildə xidməti avtomobilə əyləşdirərək Polis Şöbəsinə gətirmişlər. O, mübahisə zamanı polis əməkdaşlarının ünvanına nə dediyini dəqiq xatırlamır. O əsəbi vəziyyətdə olduğuna görə qanunsuz hərəkətlərə yol vermiş, səhv hərəkət etdiyini sonradan başa düşmüş və əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiklərinə əsasən ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o digər polis əməkdaşları Urfan Mikayılov və Fərid Mustafazadə ilə birlikdə Oğuz rayonu Sincan kəndi ərazisində xidmətdə olduqları zaman bir neçə avtomobilin yük daşıma və konstruksiya dəyişikliyi qaydalarını pozaraq hərəkətdə olduqlarını görmüşlər. Xidmət apardıqları avtomobillə həmin yük avtomobillərinin arxası ilə gedərək bir neçə dəfə “saxla” işarəsi versələr də, həmin avtomobillər nəqliyyat vasitəsinin hərəkətini saxlamayaraq Sincan kəndi ərazisində yerləşən tütün qurutma məntəqəsinin həyətinə daxil olaraq qayda pozuntusundan yayınmağa çalışmışlar. Onlar tütün qurutma müəssisəsinə daxil olaraq sürücüləri müəssisədən kənara çağırmışlar. Sürücü müəssisədən çölə çıxaraq onlara yaxınlaşmış, onlar da həmin şəxsə qayda pozuntusunu izah etməyə çalışmışlar. Bu zaman müəssisənin mühafizəsində dayanan şəxs onlara yaxınlaşaraq “buradan heç kim maşın çıxara bilməz” deyərək onları nalayiq ifadələrlə təhqir etmişdir. Dəfələrlə ona sürücülərin etdiyi qayda pozuntusu ilə bağlı Polis Şöbəsinə yaxınlaşmalı olduğunu və polisi təhqir etməməsini tələb etsələr də o, öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq iş fəaliyyətlərinə qərəzli şəkildə maneçilik yaratmışdır. Bu zaman həmin şəxsin yaratdığı səs-küyə müəssisənin içərisindən sonradan adları onlara məlum olan və özlərini müəssisə rəhbərliyi kimi təqdim edən X1 və X7 adlı şəxslər hadisə yerinə yaxınlaşaraq Şəxs sakitləşdirmək əvəzinə onları telefon vasitəsilə lentə almağa və onları təhqir edən şəxsə köməklik etməyə başlamışlar. Eyni zamanda Şəxs məcburi şəkildə əyləşdirərkən onu avtomobilə əyləşdirməmələrini tələb etmişlər. İş üzrə şahid qismində izahat verən X3 da şahid X5 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Oğuz rayon X11 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs ictimai yerdə ucadan səs-küy salır və polisin qanuni tələblərinə tabe olmur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə 16:40-da tutulmadan azad edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin, şahidin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, onun inzibati qaydada tutulduğunu nəzərə alaraq cərimənin 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X11 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar