Məhkəmə qərarları › İş №3(054)-308/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-308/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-308/2024 28.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X3 xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında daimi qeydiyyatdadır və orada yaşayır. xx.xx.2024cü il tarixdə oğluna məxsus ** BH *** qeydiyyat nişanlı “FORD TRANSİT” markalı avtomobillə Yevlax YPX stasionar postunda YPX əməkdaşının “saxla” əmrinə tabe olaraq dayanmışdır. YPX əməkdaşı saxlama səbəbi kimi onun Bakı-Qazax yolunun 286.6-cı km-də dairəyə yol vermədiyini, bunu müşahidə kamerası vasitəsi ilə gördüyünü, ona rüşvət verməyi qarşılığında cərimə yazmayacağını qeyd etmişdir. O isə həmin yerdə heç bir qayda pozmadığını, əgər pozduğunu iddia etdiyi hər hansı qayda varsa elektron şəkildə protokol yazmalı olduğunu ona bildirmiş, daha sonra yoluna davam etmişdir. Təxminən, hadisədən 1 saat sonra ona elektron şəkildə hər biri 100 manat 3 bal olmaqla 2 protokol tərtib olunmuşdur. Protokolla tanış olduqda görmüşdür ki, heç bir qayda pozuntusu olmadan qərəzli və protokollarda qeyd olunan qayda pozuntusu tam sübut olunmadan göndərilmişdir. EQ 24103393 nömrəli protokolda qeyd olunur ki, o, dairədəki avtomobilə yol verməmişdir. Amma o, həmin yol kəsişməsinə daxil olarkən mane olduğu iddia edilən avtomobil heç dairəyə daxil olmamışdır. Şəkillərdə də bu hal aydın müşahidə olunur. Digər EQ 24108633 nömrəli protokolda isə onun ötmənin qadağan olunduğu yerdə ötmə əməliyyatı etdiyi iddia edilir. Amma o, ötmə əməliyyatına başladığı zaman “ötmək qadağandır” nişanının təsir dairəsindən əvvəl olmuşdur. Daha sonra həmin nişanın təsir dairəsinə girməklə öz hərəkət zolağına qayıtmışdır. Ona yazılmış protokolda ötməyə başladığı an qeydə alınmadığı üçün hesab edir ki, protokol qərəzli şəkildə yazılmışdır. Hesab edir ki, o, inzibati pozuntu törətməmişdir. Həmin əsaslara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X5 tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi, oğluna məxsus “FORD TRANSİT” markalı avtomobillə Bərdə rayonundan Oğuz rayonuna gələn zaman polis əməkdaşları onu stasionar postda saxlamış və yolayrıcında avtomobilə yol vermədiyini bildirmişlər. O isə polis əməkdaşlarına heç bir avtomobilə, eləcə də “Vita” markalı avtomobilə maneçilik törətmədiyini bildirmişdir. Bu zaman ondan pul tələb edilmiş, o imtina etdikdə isə elektron protokollar tərtib edilmişdir. O həmin protokolları əsassız hesab edir. Belə ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasının pozulması ilə əlaqədar qeyd edir ki, o, protokolun tərtib edildiyi ərazidə “Nikoil” yanacaq doldurma məntəqəsinin yanından qırıq-qırıq xətt olan hissədən ötmə əməliyyatına başlamış, əməliyyatı bitirdikdən sonra isə öz yoluna qayıtmışdır. Polis tərəfindən protokola əlavə edilmiş foto-şəkillər həqiqəti əks etdirmir. Belə ki, şəkillər çox uzaq məsafədən, eyni zamanda, ötmə əməliyyatına başlayan zaman deyil, ötmə əməliyyatı davam edən zaman çəkilmişdir. Buna görə də, qırıq xətt uzaqdan bütöv xətt kimi görünür. Şəkillər də yanlış ardıcıllıqla yerləşdirilmişdir. Yolayrıcını keçmə qaydalarının pozulması ilə əlaqədar isə qeyd edir ki, o, yolayrıcını keçən zaman dairəvi yola heç bir avtomobil daxil olmamış və o, avtomobillərə maneə yaratmamışdır. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X1 istifadəsində olan “FORD TRANSİT YÜK” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 286.6-cı km-də yolayrıcını keçmə qaydalarını pozduğu, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək 100 (bir yüz) manat miqdarında inzibati cərimə edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X1 istifadəsində olan “FORD TRANSİT YÜK” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 13-cü kmdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək 100 (bir yüz) manat miqdarında inzibati cərimə edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 286.6-cı km-də təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış görüntülərdən müəyyən edilir ki, həmin görüntülərdə olan, yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyi qeyd olunan avtomobil yolayrıcına daxil olarkən eyni vaxtda onunla paralel şəkildə yolayrıcına daxil olan avtomobil yoxdur və o heç bir avtomobilin hərəkətinə maneə törətmir. Sonrakı şəkildə Siyavuş İbrahimxəlilovun idarə etdiyi avtomobilin yanında görünən qara rəngli avtomobil isə artıq Siyavuş İbrahimxəlilov yolayrıcında olarkən onun yanına çatmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 13-cü km-də təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmış görüntülərdən müəyyən edilir ki, həmin görüntülərdə olan, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması ilə bağlı, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyi qeyd olunan avtomobil ötmə əməliyyatı başladığı zaman deyil, əməliyyat davam edən zaman qeydə alınmışdır. Həmin görüntülərdən ötmə əməliyyatı başladığı vaxt yolun qırıq xətt, yoxsa bütöv xətlə nişanlandığı müəyyən edilmir. X2 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Siyavuş İbrahimxəlilov tərəfindən sonradan inzibati xəta hadisəsi törədildiyi güman edilən ərazilərdə qeydə alınmış görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X1 izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. X2 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X3 xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini xx.xx.2024-cü il tarixdə qayda pozuntusuna yol vermədiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi Yol Patrul Xidməti əməkdaşının üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X5 tərəfindən isə xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan - yolayrıcını keçmə qaydalarını və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla da təkzib olunmuşdur. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan - yolayrıcını keçmə qaydalarını və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqdan ibarət inzibati xəta hadisələri yoxdur. Ona görə də X2 xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarlara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, inzibati xəta hadisəsi olmadığından X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin X5 tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli, X2 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X3 xx.xx.2024-cü il tarixli EQ 24103393 nömrəli və həmin tarixli EQ 24108633 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işlərin icraatına xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar