Məhkəmə qərarları › İş №3(054)-311/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-311/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-311/2024 14.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, subay, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 837 / 2015 nömrəli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 50 (əlli) manat - cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2012-ci tarixdə anadan olmuş X5, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs hazırda tələbkara cəmi 12500 (on iki min beş yüz) manat aliment borcu olduğuna görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 837 / 2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun tələbkara 12500 manat aliment borcu yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmədiyinə görə alimentin ödənilməsində çətinlik çəkir və onun aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Eyni zamanda o, xəstə valideynlərinin də maddi ehtiyaclarını ödəmək məcburiyyətindədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2 (054) - 837 / 2015 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkara 12500 manat aliment borcu vardır. Tələbkara olan aliment borcunu aylıq aliment ödənişinə əlavə olaraq 10 manat, yəni aylıq cəmi 160 manat ödəyərək alimentin ödənilməsində olan gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu bundan sonra maddi imkanları daxilində tələbkara ödəniş etməyə çalışacaqdır. Bundan əlavə borclu xəstə valideynlərinin də maddi ehtiyaclarını ödəyir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs X7 hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon əlaqəsi saxladıqda aliment borcunun iki dəfəyə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 837 / 2015 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 12500 (on iki min beş yüz) manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və müdafiəçinin fikrini nəzərə alaraq qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini xarakterizə edən halları, törədilmiş inzibati xətanın xarakterini, həmin şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 12 (on iki) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 17:05dən hesablansın. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 17:05-də başa çatmış hesab edilsin. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar