Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-313/2024 20.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1959-cu il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, ali təhsilli, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlil, fərdi sahibkar, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kərimli kəndində sərxoş vəziyyətdə küçədə nalayiq ifadələr işlətmiş, ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayon Polis Şöbəsinin polis nəfərləri Oğuz rayonu Kərimli kəndində xidmətdə olarkən Şəxs məxsus fərdi sahibkarlıq obyektinin qarşısında tikinti materialları aşkar etmiş və Şəxs həmin materialları yığışdırmasını tələb etmişlər. Bu zaman Oğuz rayon Polis Şöbəsinin rəisi də hadisə yerində olmuşdur. Şəxsla Polis Şöbəsinin rəisi arasında mübahisə yaranmışdır. Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Onun barəsində qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə protokol tərtib edilmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən xidməti avtomobilə əyləşdirilərək Polis Şöbəsinə gətirilmişdir. Şəxs tibbi müayinədən keçirilmiş, bu zaman onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. O, Polis Şöbəsində olarkən 2-ci dərəcəli əlilliyi olan şəxs olduğunu bildirmişdir. Şəxs 3-4 saat Polis Şöbəsində saxlanıldıqdan sonra tutmadan azad edilmişdir. O, polisə qarşı aqressiv hərəkət etmiş, eyni zamanda Polis Şöbəsində ona “söymüşəm, yaxşı eləmişəm” demişdir. Həmin faktlar əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Oğuz rayonu Padar kəndi ərazisində yerləşən şadlıq sarayında toy məclisində iştirak etmişdir. “COP 29” tədbiri ilə bağlı özünə məxsus sahibkarlıq obyektini səliqəyə salmaq üçün toy məclisindən tez çıxaraq həmin obyektə getmişdir, hansı ki Oğuz Rayon İcra Hakimiyyəti başçısı onun obyektində olan zaman hər şeyin normal olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə də o, sahibkarlıq obyektinə çatdıqdan sonra qara rəngli avtomobil ona yaxınlaşmışdır. Bu zaman həmin avtomobilin arxa qapısının aynası aşağı endirilmiş və arxa oturacaqda oturan mülki geyimli şəxs ona qışqırmağa başlamışdır. O, həmin şəxsə kəskin şəkildə iradını bildirmiş, lakin nalayiq ifadələr işlətməmişdir. O, obyekt sahibi olmaqla cəmiyyətdə öz etibarını qorumalı olduğundan heç vaxt həmin mağazada səs-küy və s. digər hərəkətlərin edilməsinə özü də yol vermir. Sonradan ətrafdakı şəxslərdən soruşduqda ona həmin şəxsin Oğuz rayon Polis Şöbəsinin rəisi olduğunu demişlər. Polis Şöbəsinin rəisinin tapşırığı ilə əraziyə Post Patrul Xidməti əməkdaşları çağrılmış və o, özü xidməti avtomobilə əyləşərək Polis Şöbəsinə getmişdir. Xidməti avtomobildə olarkən o, DİN-nin “102” xidmətinə zəng etmiş, bu zaman polis əməkdaşları onunla kobud şəkildə rəftar edərək ondan telefonu yığışdırmağını tələb etmişlər. O isə yalnız Polis Şöbəsinə çatdıqları zaman telefonu onlara verə biləcəyini bildirmişdir. Bundan sonra sürücü avtomobilin hərəkətini dayandırmış və polis əməkdaşları ona zor tətbiq etməyə başlamışlar. Polis əməkdaşlarından biri əlinin onun cibinə salmağa çalışmış, o da həmin şəxsə “şərəfsiz, əlini çək” deyə müdaxilə etmişdir. O, həmin an səs yazısı etmişdir. Sonra yenidən avtomobili hərəkətə gətirərək onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində olan zaman Şöbənin rəisi onu öz otağına çağırmış və “hansı səbəbdən belə hərəkətlər etmisən?” deyə ondan soruşmuş, qarşılığında o özü də həmin şəxsə eyni sualı vermişdir. Bundan sonra Şöbənin rəisi ona düşmən olmadıqları demiş, onunla mehribanlıqla görüşmüş və artıq gedə biləcəyini bildirmişdir. O, Polis Şöbəsindən çıxmağa çalışdığı zaman izahat verməli olduğu bildirilmiş, onu pis şəraitli bir otaqda 15 nəfər şəxslə birlikdə gecə saat 02:00-a kimi saxlamışlar. Hesab edir ki, onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. O, sadəcə sahibkarlıq obyektində olan zaman Şöbə rəisinə öz iradlarını bildirmişdir. Bu zaman o nə polis əməkdaşlarının, nə də ki digər şəxslərin ünvanına ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməmişdir. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən Oğuz rayon X8 Patrul Xidmətinin polis nəfəri X4 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə digər polis əməkdaşı ilə birlikdə Oğuz rayonu Kərimli kəndində xidmətdə olmuşdur. “COP 29” tədbiri ilə bağlı mağazaların qabağında səliqə-səhman yaradılması tapşırıldığından Oğuz rayon Polis Şöbəsinin rəisi və onun müavini də həmin ərazidə olmuşlar. Şöbə rəisi Şəxs məxsus sahibkarlıq obyektinin qarşısındakı tikinti materiallarının yığışdırılması ilə bağlı tapşırıq verən zaman Şəxs rəisə qarşı kobud ifadələr işlətməyə başlamışdır. Bu zaman o, Şəxs söyüş söydüyünü eşitməmişdir. Bundan sonra onlara Şəxs Polis Şöbəsinə aparılması tapşırılmışdır. Şəxs xidməti avtomobilə əyləşdirilərək Polis Şöbəsinə aparılarkən telefonu vasitəsi ilə çəkiliş etmək istəmiş, onlar isə həmin şəxsə mane olmağa çalışmış, avtomobilin içərisində videokameranın olduğunu demişlər. O, polis əməkdaşlarına qarşı “şərəfsiz” ifadəsi işlətmişdir. Sonra isə onu Polis Şöbəsinə aparmışlar. İş üzrə şahid qismində izahat verən Oğuz rayon X8 Patrul Xidmətinin polis nəfəri X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə digər polis əməkdaşı ilə birlikdə Oğuz rayonu Kərimli kəndində xidmətdə olmuşdur. “COP 29” tədbiri ilə bağlı mağazaların qabağında səliqə-səhman yaradılması tapşırılmışdır. Oğuz rayon Polis Şöbəsinin rəisi və onun müavini də Oğuz rayonu Kərimli kəndi ərazisində olmuşlar. Şəxs həmin kənddə yerləşən sahibkarlıq obyektinin qarşısındakı tikinti materiallarının yığışdırılması ilə bağlı tapşırıq verilən zaman Şəxs rəisə yaxınlaşaraq “mən sənin kimi çox rəislər görmüşəm” demişdir. Polis Şöbəsinin rəisi bundan sonra Şəxs Polis Şöbəsinə aparmağı onlara tapşırmışdır. Şəxs əvvəlcə iki addım ataraq getmiş, sonra isə “heç getmirəm” deyərək xidməti avtomobillə getməkdən də imtina etmiş, bundan sonra o, məcburi şəkildə avtomobilə əyləşdirilərək Polis Şöbəsinə aparılmışdır. Şəxs avtomobildə olarkən videoçəkiliş aparmağa cəhd göstərmiş, eyni zamanda, polis əməkdaşlarının ünvanına “şərəfsiz” və ünvanlı-ünvansız ümumi kobud ifadələr işlətmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə xidməti avtomobildə qeydə alınan səs yazıları əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs ilə polis əməkdaşları arasında olan danışıqlar anlaşılmazdır, lakin polis əməkdaşlarının Şəxs telefonunu yığışdırmağı tələb etdikləri, onun isə Polis Şöbəsində verəcəyini bildirməsi, eyni zamanda, “şərəfsiz” ifadəsini işlətdiyi eşidilir. Eyni zamanda, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinin operatorunun Şəxs ilə polis əməkdaşları arasında olan qarışıq səsləri eşidərək nə baş verdiyini soruşması müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 20:00-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 467 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:14-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə Kərimli kəndində sərxoş vəziyyətdə küçədə nalayiq ifadələr işlətdiyi, ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1№-li qərarının 2-ci bəndində göstərilir ki, “ictimai qayda” dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Lakin, Şəxs hadisə vaxtı davranışında bu qaydalar sistemini pozan heç bir təqsirli hərəkəti müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə sahibi olduğu obyektin qarşısında həmin vaxt tanımadığı şəxslə sözlü mübahisə etmişdir. Bundan sonra o, polisin xidməti avtomobilinə əyləşdirilərək Polis Şöbəsinə aparılmışdır. Onun xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Kərimli kəndi ərazisində küçədə ucadan nalayiq ifadələr işlətməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi, eyni zamanda onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hadisə vaxtı Şəxs hündürdən danışmış olsa belə, ictimai qayda danışıq tonu ilə deyil, belə danışıq vaxtı istifadə olunan qeyri-etik, həm xuliqanlıq hərəkətlərinə məruz qalan, həm də ətrafdakıların şərəf və ləyaqətini, onların heysiyyatını alçaldan, əxlaq qaydalarına uyğun olmayan ifadələrin işlədilməsi ilə pozula bilər. İşin halları ilə isə müəyyən edilir ki, hadisə vaxtı Şəxs qeyri-əxlaqi, etik davranış qaydalarını pozan ifadələr işlətməmiş, habelə hadisə yerində özündən, onun iradlarının yönəldiyi şəxsdən və sonradan hadisə yerinə gəlmiş polis işçilərindən başqa digər şəxslər olmamış, hadisəni müşahidə etmək üçün kənar insanlar yığılmamışdır. Şəxs Oğuz rayon Polis Şöbəsinin rəisinə qarşı işlətdiyi ifadə isə “mən sənin kimi çox rəislər görmüşəm” sözləri olmuşdur ki, bu sözlərin də heç bir qeyri-etik və təhqir edici ifadələr kimi qiymətləndirilə bilməz. Habelə nəzərə almaq lazımdır ki, Şəxs dediyinə görə Oğuz rayon Polis Şöbəsində olarkən Şöbə rəisinin Şəxsla mehriban münasibəti aralarında olan anlaşılmazlığın da aradan qalxdığını deməyə əsas verir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyası polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələbinə qəsdən tabe olmamağı nəzərdə tutur. Şəxs polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş və könüllü şəkildə Polis Şöbəsinə getmişdir. Xidməti avtomobildə olarkən Şəxs Azərbaycan Respublikası DİNnin “102” xidmətinə zəng etmiş, polis əməkdaşları isə ondan telefonu yığışdırmağı tələb etmişlər. Bu zaman Şəxs telefonu Polis Şöbəsində polis əməkdaşlarına verəcəyini bildirməsi tabesizlik kimi qiymətləndirilə bilməz. Belə ki, polis işçisinin və ya hərbi qulluqçunun tələbi qanuni olmalıdır, yəni “Polis haqqında” Qanunda, habelə digər qanunvericilik aktlarında bilavasitə nəzərdə tutulmalıdır. Qanuni tələbə tabe olmama qəsdən törədilməlidir. Yəni, şəxsin anlaqsızlığı və ya qanuni tələbi yerinə yetirməyə obyektiv olaraq mane olan üzürlü səbəblərlə bağlı olmamalıdır. Eyni zamanda, Şəxs xidməti avtomobildə olarkən polis əməkdaşlarının ünvanına “şərəfsiz” ifadəsi işlətməsi polis əməkdaşlarının onun telefonunu götürmək istəməsi ilə əlaqədar olmuşdur. Bu ifadənin işlədilməsi isə “tabesizlik” kimi qiymətləndirilə bilməz. İnzibati xəta haqqında protokolda xırda xuliqanlığın da məhz Oğuz rayonu Kərimli kəndi ərazisində baş verdiyi qeyd edildiyindən Şəxs tərəfindən xidməti avtomobildə işlədilmiş bu ifadə hazırki işin predmeti deyildir. Bundan başqa qeyd olunmalıdır ki, “Polis haqqında” Qanunun 13-cü maddəsininin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı cinayət və ya digər hüquqpozmalar törətmiş şəxslərin tutulması və polisə gətirilməsi üçün tədbirlər görə bilər. Qanunun bu normasının tələblərindən belə məlum olur ki, əgər şəxs cinayət və ya digər hüquqpozma törətməmişdirsə onda o, tutula və polisə gətirilə bilməz, polis əməkdaşının bu vəziyyətdə irəli sürdüyü tələb də qanuni hesab oluna bilməz. İşin halları ilə isə müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində xuliqanlıqda ifadə olunan hüquqpozma olmamışdır, beləliklə onun polisə aparılması üçün hüquqi əsaslar da yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun şərhinin məzmunundan göründüyü kimi tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Hazırda tərtib edilmiş protokolda isə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci (həmin maddənin hansı hissəsi olduğu qeyd edilməyib) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilsə də, protokolun “müəyyən edildi” hissəsində sadəcə “xırda xuliqanlıq”la bağlı qeyd aparılmış, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və bu tabe olmamanın nədən ibarət olması göstərilməmişdir. Eyni zamanda inzibati qaydada tutma haqqında protokolda Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə tutulduğu qeyd edilmiş, həmin protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutularaq xx.xx.2024-cü il tarixdə saat 20:00-da tutulmadan azad edildiyi göstərilsə də, xx.xx.2024-cü il tarixli 467 nömrəli tibbi müayinə protokolu ilə onun xx.xx.2024-cü il tarixdə saat 21:14-də tibbi müayinədən keçirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Eyni zamanda, şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-313/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-313/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver