Məhkəmə qərarları › İş №3(054)-327/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-327/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-327/2024 16.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1983-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu Kərimli kəndində yaşayan, orta təhsilli, subay, qaynaqçı, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ukraynanın Mariupol şəhərinin İlyiçev rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Şəxs X5 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü oğlu X6 və xx.xx.2007-ci il təvəllüdlü oğlu X1 üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay bütün qazanc növlərinin 1/3 məbləğində, lakin müvafiq yaşda olan uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunun 30 %-dən az olmayaraq böyük uşaq yetkinlik yaşına çatanadək alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 10 (102) - 19 / 2017 nömrəli qərardadı ilə həmin qətnamə Azərbaycan Respublikasının ərazisində tanınmış və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 408 / 2019 nömrəli qətnaməsi ilə X9 ödənilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 80 (səksən) manat-cəmi 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 1124 / 2017 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 3667 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı "xxxx" X20 Səhmdar Cəmiyyətinin cavabdeh Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 274 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 2909 manat tutularaq iddiaçı "xxxx" X20 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2017-ci il tarixdə anadan olmuş X15 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün X2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnamələr üzrə icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbləri icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ukraynanın Mariupol şəhərinin İlyiçev rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 408 / 2019 nömrəli, xx.xx.2017-ci il tarixli 2 (054) - 1124 / 2017 nömrəli, xx.xx.2021-ci il tarixli 2 (054) - 274 / 2021 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu indiyədək tələbkarlara müəyyən qədər ödənişlər etsə də, hazırda onun tələbkarlara 19319,94 manat borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, tələbkarlara olan borcundan əvvəllər müəyyən məbləğlərdə ödəniş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs3 o kredit götürərkən onun zamini olmuş, götürülən kredit məbləğini də iş yoldaşlarına vermişlər. Hazırda Zərərçəkmiş şəxs3 və digər tələbkar Nazlı Çələbiyevanın ondan şikayəti yoxdur. Bundan əlavə işdə olarkən yıxılmış və başından zərbə almışdır. O qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə tələbkarlara ödəməli olduğu borc məbləğlərini maddi imkansızlıq üzündən və səhhətinin vəziyyəti ilə əlaqədar indiyədək tam şəkildə ödəyə bilməmişdir və hazırki vəziyyətdə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, əvvəllər müəyyən qədər ödəniş etmiş, lakin ailə vəziyyəti ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir, maddi imkanları daxilində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər "xxxx" X20 Səhmdar Cəmiyyətinin nümayəndəsi, Zərərçəkmiş şəxs3, X13 və X4 icra məmuru tərəfindən məlumatlandırılmalarına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Çələbiyev X8 Mariupol şəhərinin İlyiçev rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 408 / 2019 nömrəli, xx.xx.2017-ci il tarixli 2 (054) - 1124 / 2017 nömrəli, xx.xx.2021-ci il tarixli 2 (054) - 274 / 2021 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 385 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə hazırda onun tələbkarlara 19319,94 manat borcu qalmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, inzibati həbs müddətinin 12 gün müddətində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 17:50dən hesablansın. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar