Məhkəmə qərarları › İş №3(054)-48/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-48/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-48/2023 30.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəsrəddin oğlunun iştirakı ilə xx xxxx 1965-ci ildə Oğuz rayonu, Muxas kəndində anadan olmuş, orta təhsilli, evli, 2-ci qrup Çernobıl əlili, Oğuz rayonu Muxas kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq: m ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Muxas kənd sakini Şəxs babasından yadigar qalmış sənədsiz, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1952-ci ildə istehsal olunmuş bir ədəd “Toz-B” markalı, 16 kalibrli, 80429 nömrəli, çaxmaqlı, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı, hamar qoşa lüləli ov tüfəngi aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, evlidir, ailəsi ilə birgə Oğuz rayonu Muxas kəndində yaşayır. 2-ci qrup Çernobıl əlilidir. Babası Abdulladan qalma qoşalülə ov tüfəngi olsa da, onu sənədləşdirməmişdir, çünki silahın sənədləşdirilməsi baha başa gəlir, həmin qiymətə sənədli təzə silah almaq mümkündür. xx.xx.2022-ciil tarixdə yaşadığı Muxas kəndində meşə ərazisinə gedərkən yolda polis əməkdaşları onu saxlamış, silahın sənədinin olub-olmadığını soruşmuşlar.Cavabına uyğun olaraq onu polis şöbəsinə dəvət etmiş, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Düzgün hərəkət etmədiyini etiraf edir və hərəkətindən peşmandır. Qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. İşə əlavə edilmiş MN ******* saylı, 15 mart 2022-cu il tarixli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan, həmin tarixli raportdan və izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə Oğuz rayon Muxas kənd sakini Şəxs sənədsiz, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1952-ci ildə istehsal olunmuş bir ədəd “Toz-B” markalı, 16 kalibrli, 80429 nömrəli, çaxmaqlı, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı, hamar qoşa lüləli ov tüfəngi aşkar edilmiş, araşdırma zamanı silahın sənədsiz olduğu müəyyən edildiyindən polis şöbəsində bu barədə sənədləşmə aparılmış, tolanmış materialda cinyət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin şöbənin İTB-nə verilməsi qərara alınmışdır. Protokoldan və izahatdan göründüyü kimi Şəxs öz əməlini səmimi etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuş halları qiymətləndirməklə hesab edirəm ki, Şəxs həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında verilmiş izahatla və iş materialları ilə sübut olunduğundan, onun əməlini səmimi etiraf etməsi məsuliyyəti yüngülləşdirən hal kimi, əməlində məsuliyyətini ağırlaşdıran halların olmadığı nəzərə alınmaqla o, sözügedən maddənin sanksiyasında nəzərdə tutulmuş 80 manat məbləğində cərimə edilməli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1952-ci ildə istehsal olunmuş bir ədəd “Toz-B” markalı, 16 kalibrli, 80429 nömrəli, çaxmaqlı, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı, hamar qoşa lüləli ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,114,128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilsin. Oğuz rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1952-ci ildə istehsal olunmuş bir ədəd “Toz-B” markalı, 16 kalibrli, 80429 nömrəli, çaxmaqlı, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı, hamar qoşa lüləli ov tüfəngi müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar