Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-51/2022 12.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1958-ci il tarixdə Yevlax rayonu Düzdaq kəndində anadan olmuş, Oğuz rayonu Bayan kəndində yaşayan, subay (dul), orta təhsili, işsiz, təqaüdçü, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi 3C3YSKQ Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdehlər X5 və Şəxs qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair Oğuz Rayon Məhkəməsinin 10.02.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Zərərçəkmiş şəxs Oğuz rayonu Bayan kəndində yerləşən, Şəxs xüsusi mülkiyyətində olan evdən istifadə hüququ tanınmış və onun həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnaməyə dair icra sənədi icra olunaraq Zərərçəkmiş şəxs Oğuz rayonu Bayan kəndində yerləşən, Şəxs xüsusi mülkiyyətində olan evə köçürülmüşdür. Qeyd olunan icra sənədi üzrə icra məmurunun müvafiq qərarı ilə icraata xitam verilmiş və qərar qanuni qüvvəyə mindikdən sonra həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Sonradan tələbkar Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək onun istifadə hüququnun tanındığı və köçürülmüş olduğu evdən istifadə hüququna borclu Şəxs tərəfindən maneə törədildiyini bildirmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın müraciəti əsasında icra sənədi üzrə icraat təzələnmişdir və hazırda icra tədbirləri davam etdirilir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hazırki işə ilk dəfə mahiyyəti üzrə baxılarkən 11.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Oğuz Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 3 (054) - 51 / 2022 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 3 (054) - 51 / 2022 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli 3 (107) - 97 / 2022 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 3 (054) - 51 / 2022 nömrəli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli 3 (107) - 97 / 2022 nömrəli qərarında qeyd edilmişdir ki, Oğuz Rayon Məhkəməsinin 10.02.2016-ci il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Zərərçəkmiş şəxs Oğuz rayonu Bayan kəndində yerləşən, Şəxs xüsusi mülkiyyətində olan evə uşaqları ilə birlikdə köçürülmüş və bu səbəbdən icra məmuru tərəfindən həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə 02.03.2017-ci il tarixli qərar qəbul edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Lakin tələbkar Oğuz Rayon İcra və Probasiya Şöbəsinə yenidən ərizə ilə müraciət edərək borclunun onu evdən çıxartdığını bildirmiş və icra sənədinin yenidən icra olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan və tərəflərin izahatlarından görünür ki, Zərərçəkmiş şəxs bu vaxta qədər də həmin evin gəlin köçdüyü otağında uşaqları ilə birlikdə yaşamışdır və indi də yaşayır. Onun orada yaşamasına hazırda faktiki olaraq Bakı şəhərində yaşayan Şəxs və ya digər şəxslər tərəfindən maneə törədilmir. Məhkəmənin qənaətinə görə Zərərçəkmiş şəxs qeyd olunan evdən istifadə hüququ tanınsa da, onun bu hüququ Şəxs mülkiyyətçi hüquqlarından məhrum etmir. İşin hallarından görünür ki, Şəxs evi bütövlükdə sökməmiş, yalnız onun müəyyən hissəsində, o cümlədən, eyvanda təmir işləri aparır. Bu isə Zərərçəkmiş şəxs həmin evdə yaşamasına nəinki maneə törətmir, əksinə, təmir işləri başa çatdırıldıqdan sonra evin təmir edilən hissəsindən sonuncu da övladları ilə birlikdə faydalana biləcəkdir. Zərərçəkmiş şəxs evin mülkiyyətçisi olmaqla, onun mülkiyyətçi kimi özünə məxsus yaşayış evində abadlıq-təmir işləri aparmaq hüququ həm də mülki qanunvericiliyin tələbindən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, işi qanunvericiliyin tələbinə uyğun olaraq tam araşdırmadan qərar qəbul etmişdir. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 3 (054) - 51 / 2022 nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin 10.02.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi icra olunduğuna görə 02.03.2017-ci il tarixdə həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. 2021-ci ilin sentyabr ayında tələbkar Oğuz Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclunun onu evdən çıxartdığını bildirmiş və icra sənədinin yenidən icra olunmasını xahiş etmişdir. Bu səbəbdən icra sənədi yenidən icraya yönəldilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat təzələnmişdir. Bundan sonra tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilərək icra üçün müddət təyin edilmiş, lakin borclu icra sənədini könüllü olaraq icra etməmişdir. Borcluya bildiriş göndərilərək icra hərəkətlərinin aparılmalı olduğu yerə dəvət edilmiş, ancaq o, icra sənədinin tam şəkildə icra olunmasına imkan verməmişdir. Sonradan isə borclu icra məmurunun çağırışlarına da gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də barəsində axtarış elan edilmişdir. Evin tələbkarın köçürüləcəyi hissəsi borclu tərəfindən sökülərək yaşamaq üçün yararsız hala salınmışdır. Hazırda da borclu tələbin tam şəkildə icrasından imtina edir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamanda, qeyd edir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilən 02.03.2017-ci il tarixli qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməmiş, həmin qərar məhkəmə tərəfindən də ləğv edilməmişdir. İcra sənədi üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilərkən də icra sənədi üzrə icraata xitam verilməsi barədə 02.03.2017-ci il tarixli qərarın ləğv edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı əsaslar yaranmamışdır. Qeyd etdiklərinə əsasən borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırda tələbkar ona məxsus yaşayış evinin gəlin köçdüyü otağında uşaqları ilə birlikdə yaşayır. O, tələbkarın həmin otaqdan istifadə etməsinə heç bir maneçilik törətmir. Evin digər otağı isə onun özünə aiddir. O, evin dam örtüyünü sınıb dağılmış hissələri dəyişmək üçün sökmüş, bu zaman damın taxtaağac materialarından olan hissəsinin və tavanın da çürüdüyü məlum olmuş, bu səbəbdən o, evin həmin hissəsini tamamilə sökməli olmuşdur. Ona görə də o, evdə təmirlə yanaşı artırma da etmək qərarına gəlmişdir. Evin həmin hissəsini sökməyə başlayanda qısa müddətdə və az xərclə təmir-bərpa işlərini başa çatdıra biləcəyini düşünmüş, ancaq sonradan çəkiləcək xərcləri hesablayanda buna maddi imkanı çatmayacağını başa düşmüşdür. Hazırda da maddi imkansızlığa görə evi nə zaman yenidən tam şəkildə tikib təmir etdirəcəyini dəqiq deyə bilmir. Evin həmin hissəsini sökmək qərarına gələndə tələbkara bu barədə məlumat verməmiş, evin mülkiyyətçisi özü olduğundan belə bir məlumatın verilməsinə və ya razılıq alınmasına ehtiyac ola biləcəyini düşünməmişdir. Eyni zamanda, o, tələbkarın onun xüsusi mülkiyyətində olan evdə məhkəmə tərəfindən tanınmış istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir və kompensasiyanın miqdarı ilə bağlı tələbkarla razılaşmağa çalışacaqdır. Ancaq hazırki vəziyyətdə tələbkarın indiyədək yaşadığı otaqda uşaqları ilə birlikdə yaşamasına da etiraz etmir. O, tələbkarın həmin evdə uşaqları ilə birlikdə yaşaması üçün imkanları daxilində zəruri şərait yaratmış, onlar üçün həyətyanı sahədə ayrıca sanitar qovşağı da inşa etdirmişdir. Ona görə də tələbkarın hazırki tələbini əsassız hesab edir. Eyni zamanda qeyd edir ki, o, ilin əksər vaxtlarında qeydiyyatda olduğu ünvanda, yəni Oğuz rayonu Bayan kəndində deyil, faktiki olaraq başqa ünvanda yaşadığına görə icra qurumunun çağırışlarından da xəbərsiz olmuş, barəsində axtarış elan edildiyini bildikdən sonra dərhal icra qurumuna gəlmişdir. Hesab edir ki, hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Qeyd etdikləri nəzərə alınaraq barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu onun köçürülmüş olduğu yaşayış sahəsinin bir hisəsini sökərək, digər otağın isə qapısını bağlayaraq onun və uşaqların həmin evdə yaşamalarına, evin yardımçı sahələrindən istifadə etmələrinə imkan vermir. Hazırki vəziyyətdə o və uşaqları zəruri kommunal-məişət şəraiti olmayan bir vəziyyətdə yaşayırlar. Borclu özünün xüsusi mülkiyyətində olan evdə onun məhkəmə tərəfindən tanınmış istifadə hüququnun əvəzində ona ağlabatan miqdarda kompensasiya ödəyəcəyi təqdirdə, o, istifadə hüququna xitam verilməsinə də etiraz etmir və kompensasiyanın miqdarı ilə bağlı borclu ilə razılaşmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin 10.02.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs Oğuz rayonu Bayan kəndində yerləşən, Şəxs xüsusi mülkiyyətində olan evdən istifadə hüququ tanınmış və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi icra olunduğuna görə 02.03.2017-ci il tarixdə həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilərək icra sənədi məhkəməyə qaytarılmışdır. 2021-ci ilin sentyabr ayında tələbkar Oğuz Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclunun onu evdən çıxartdığını bildirmiş və icra sənədinin yenidən icra olunmasını xahiş etmişdir. Bu səbəbdən icra sənədi yenidən icraya yönəldilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5ci maddəsinə əsasən icra sənədi üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək, eyni zamanda, tədqiq olunmuş sübutlara məcmu halında və Şəki Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli 3 (107) - 97 / 2022 nömrəli qərarında qeyd edilənlərlə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin hazırki məhkəmə iclasındə müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs özünün mülkiyyətində olan evdə söküntü işləri aparması Zərərçəkmiş şəxs istifadə hüququnun tanındığı və uşaqları ilə birlikdə köçürüldüyü yaşayış sahəsini dağıtmaq, bununla da onların yaşayış sahəsindən istifadə hüququna qərəzli şəkildə maneə törətmək niyyəti ilə deyil, həmin yaşayış sahəsində təmir-bərpa və abadlıq işlərinin həyata keçiriməsi məqsədi ilə aparılmışdır. Yaşayış sahəsində təmir-bərpa və abadlıq işlərinin başa çatdırılmaması isə borclunun maddi vəziyyəti ilə əlaqədar olmuşdur. Borclunun maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tam şəkildə təmin etməklə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, hazırki vəziyyətdə də tələbkar borclunun mülkiyyətində olan evin bir otağında uşaqları ilə birlikdə yaşayır və borclu tərəfindən onlar üçün minimum səviyyədə də olsa, kommunal-mənzil şəraiti yaradılmışdır. Eyni, zamanda, borclu tələbkarın onun xüsusi mülkiyyətində olan evdə məhkəmə tərəfindən tanınmış istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və kompensasiyanın miqdarı ilə bağlı tələbkarla razılaşmaq istədiyini bildirir. Hazırki vəziyyətdə tələbkar da onun məhkəmə tərəfindən tanınmış istifadə hüququnun əvəzində ona ağlabatan miqdarda kompensasiya ödəyəcəyi təqdirdə, istifadə hüququna xitam verilməsinə etiraz etmir. Borclu Şəxs icra qurumuna vaxtında gəlməməsi və onun barəsində axtarış elan edilməsi isə onun faktiki olaraq qeydiyyatda olduğu ünvanda deyil, digər ünvanda yaşaması ilə əlaqədar olmuşdur. İcra sənədində göstərilən tələbin təmin edilməməsi ilə bağlı icra məmurunun qeyd etdiyi digər hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi 11.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-51/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-51/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver