Məhkəmə qərarları › İş №3(054)-55/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-55/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-55/2022 13.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-nin 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından 27.01.2020-ci il tarixdə ödəniş tapşırığına əsasən qabaqcadan ödəniş etməklə Azərbaycan Respublikasından kənara köçürməsi, lakin ödəniş aparıldığı vaxtdan 2 ildən artıq müddət keçməsinə baxmayaraq 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin də xaricdən geri qaytarılmaması əsası ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 04.03.2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC -nin barəsində 13.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi - həmin hüquqi şəxsin qanuni təmsilçisi X1 da məhkəmə iclaslarına gəməmiş, ancaq hazırki işlə bağlı müvafiq sənədləri məhkəməyə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi - həmin hüquqi şəxsin qanuni təmsilçisi X1 tərəfindən məhkəməyə göndərilmiş, məhkəmə iclasının təxirə salınması xahişi barədə ərizədə qeyd edimişdir ki, Şəxs MMC ilə “DE CLOET” şirkəti arasında bağlanmış müqavilədə qeyd edilən mallar Şəxs MMC-yə idxal edilmişdir və şirkətin ərazisindədir. Lakin bununla bağlı zəruri sənədlər müvafiq orqana təqdim edilməmişdir. Məhkəmə iclası təxirə salınacağı təqdirdə həmin sənədlər gömrük orqanından sorğu vasitəsilə tələb edilib əldə olunaraq məhkəməyə təqdim ediləcəkdir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, növbəti məhkəmə iclasınadək müvafiq sənədlər məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilir ki, hüquqi şəxs Şəxs MMC ilə “DE CLOET” şirkəti arasında bağlanmış 07.01.2020-ci il tarixli müqaviləyə əsasən Şəxs MMC tərəfindən 27.01.2020-ci il tarixdə “DE CLOET” şirkətinə ödənilmiş 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində vəsaitin müqabilində 10 ədəd tütün qurutma avadanlığı 18.06.2020-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş reyestrdən çıxarış, ödəniş tapşırığı, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına edilmiş 31.01.2022-ci il tarixli PB/PBŞ-OUT-00045-2022 nömrəli müraciət, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə edilmiş 18.03.2022-ci il və 31.03.2022-ci il tarixli müraciətlər, "xxxx" ASC-nə edilmiş 12.04.2022ci il tarixli müraciət, "xxxx" ASC tərəfindən Şəxs MMC-nə verilmiş 12.04.2022-ci il tarixli PB/PBL-OUT-00379-2022 nömrəli müraciətə cavab məktubu və 18.06.2020-ci il tarixli **********2017 nömrəli gömrük bəyannaməsi ilə müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından 27.01.2020-ci il tarixdə ödəniş tapşırığına əsasən “DE CLOET” şirkətinə ödəyərək qabaqcadan ödəniş etməklə Azərbaycan Respublikasından kənara köçürmüşdır. 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində vəsaitin müqabilində 10 ədəd tütün qurutma avadanlığı 18.06.2020-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda ödəniş aparıldığı vaxtdan 2 ildən artıq müddət keçməsinə baxmayaraq 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya valyuta vəsaitinin xaricdən geri qaytarılmasını təsdiq edən sənədin banka təqdim edilmədiyi qeyd edilsə də, Azərbaycan Respublikasından kənara köçürülmüş vəsaitin müqabilində müqavilədə qeyd edilən malların cəmi bir neçə ay sonra ölkəyə idxal edildiyi hazırda məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmiş və həmin fakt müvafiq gömrük bəyannaməsi və qabaqcadan ödənişin həyata keçirildiyi bank olan "xxxx" ASC-nin 12.04.2022-ci il tarixli PB/PBL-OUT-00379-2022 nömrəli müraciətə cavab məktubu ilə də təsdiq edilmişdir. Göründüyü kimi, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə həmin hüquqi şəxsin qabaqcadan ödəniş etdiyi bank olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına 31.01.2022-ci il tarixli PB/PBŞ-OUT- 00045-2022 nömrəli müraciəti əsas olmuşdur. Hazırda isə "xxxx" ASC qabaqcadan ödəniş edilmiş vəsaitin müqabilində müqavilədə qeyd edilən malların ölkəyə idxal edildiyi barədə gömrük bəyannaməsinin təqdim edildiyini təsdiq edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs MMC “DE CLOET” şirkəti ilə bağladığı 07.01.2020-ci il tarixli müqaviləyə əsasən bankda olan hesabından 27.01.2020-ci il tarixdə 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində vəsaiti həmin şirkətin hesabına qabaqcadan ödəniş etməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. “DE CLOET” şirkəti də müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib müqavilədə qeyd edilən malları Şəxs MMC-nə təhvil vermiş və həmin mallar 18.06.2020-ci il tarixli **********2017 nömrəli gömrük bəyannaməsinə əsasən ölkəyə idxal edilmişdir. Şəxs MMC 49.800 (qırx doqquz min səkkiz yüz) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsini təsdiq edən gömrük bəyannaməsini banka təqdim etdiyindən və həmin sənədlərin surəti hazırda məhkəməyə də təqdim edildiyindən məhkəmə hesab edir ki, gömrük bəyannaməsi ilə bağlı müvafiq qeydlərin vaxtında aparılmaması Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 04.03.2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar