Məhkəmə qərarları › İş №3(054)-55/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-55/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-55/2025 26.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1965-ci il tarixdə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, Oğuz rayonu Sincan kəndində yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon X8 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Dost marketdə Ədalət Cəbrayılovu nalayiq ifadələrlə təhqir etdiyi, xx.xx.2025-ci il tarixdə polisin qanuni tələbinə tabe olmadığı üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrinin tələbləri pozulmşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Sincan kəndində yerləşən “Dost” marketdə çalışan X2 əvvəlcə Qamət Lətifov adlı polis əməkdaşına zəng edərək, sonra isə Oğuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Novruz adlı şəxsin sərxoş vəziyyətdə gələrək onu işlədiyi marketdə nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Həmin məlumatın dəqiqləşdirilməsi məqsədi ilə o və digər polis əməkdaşı Qamət Lətifov Şəxs yaşadığı evə getmiş və onu çağırmışlar. Şəxs onlara yaxınlaşmış, hansı səbəblə gəldiklərini bildikdən sonra yenidən Ədalət Cəbrayılovun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar dəfələrlə hərəkətlərinə son qoymağı təklif etsələr də, o, polisin qanuni tələblərinə əməl etməmişdir. Eyni zamanda Şəxs xidməti avtomobillə Polis Şöbəsinə aparılan zaman da onların ünvanına nalayiq ifadələr işlətmiş və avtomobilin yan şüşəsini zədələmişdir. Həmin fakt əsasında onun tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o Oğuz rayonu Sincan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O həmin kənddə yerləşən “Dost” marketdən göbələk almış, həmin göbələkdən övladı zəhərlənmişdir. Sonra həmin marketdən aldığı toyuğun da vaxtı keçdiyindən geri qaytarmış yerinə balıq almışdır. Eyni zamanda o, marketə 20 qəpik borcunu qaytarmaq üçün getmişdir. O əsəbi halda Ədalət Cəbrayılovdan köhnə malları nə üçün satdığını soruşmuş, Ədalət isə cavabında “alırsan al, almırsan cəhənnəm ol” demişdir. O həmin vaxt içkili olduğundan özündən asılı olmadan nalayiq ifadələr işlətmişdir. O etdiyin əməlin səhv olduğunu başa düşmüşdür. O xx.xx.2025-ci il tarixdə Oğuz rayon Sincan kəndində “Dost” marketdə nalayiq ifadələr işlətdiyinə görə əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ancaq polis əməkdaşlarına tabesizlik göstərdiyini xatırlamır. O bu gün saat təxminən 16:32 radələrində tutulmadan azad edilərək Oğuz Rayon Məhkəməsinə gətirilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən X2 izahat verərək bildirdi ki, o, Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən “Dost” marketdə administrator vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə Şəxs onun çalışdığı marketdən bazarlıq etmiş, onların dəyərindən 20-50 qəpik əksik ödəmiş, o özü həmin kəsr məbləği ödəmişdir. Şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, lakin o, Novruz içkil olduğu üçün ona məhəl qoymamış və yola salmışdır. xx.xx.2025-ci il tarixdə Şəxs yenidən içkili vəziyyətdə marketə gələrək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Novruzu belə hərəkətlər etməməyi üçün başa salmağa çalışsa da, heç bir nəticə əldə etməmişdir. Bu səbəbdən polis əməkdaşına zəng edərək məlumat vermiş, sonra isə ərizə ilə Oğuz rayon Polis Şöbəsinə müraciət etmişdir. O, hazırda da Şəxs şikayətçidir və belə bir halın yenidən təkrarlanmasını istəmir. İş üzrə şahid qismində izahat verən Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində Oğuz rayonu Sincan kəndində yerləşən “Dost” marketdə çalışan Ədalət adlı şəxs ona zəng edərək Şəxs onu çalışdığı marketdə təhqir etdiyini bildirmişdir. Həmin müraciət əsasında o və digər polis əməkdaşı Sənan Hacıbabayev xx.xx.2025-ci il tarixdə Şəxs yaşadığı ünvana getmiş və onu çağırmışlar. Şəxs özü gəlib avtomobildə əyləşmiş, lakin avtomobildə olarkən özünü bayıra atmağa çalışmışdır. O həmin vaxt da içkili olmuşdur. Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixdə inzibati xəta hadisəsinin baş verdiyi güman edilən yerdə lentə alınan video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Videonun səsi gəlməsə də, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən “Dost” marketdə Şəxs əl-qol hərəkətləri ilə Ədalət Cəbrayılovla mübahisə edir, sonra isə qolundan tutaraq bayıra çıxarmağa çalışır. Marketdən bayırda yenidən əl-qol hərəkətləri ilə mübahisə edirlər, sonra isə Şəxs həmin ərazidən uzaqlaşır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 16:32-də tutulmadan azad edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz rayon Sincan kəndində yerləşən “Dost” marketdə Ədalət Cəbrayılovun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs polis əməkdaşları onu intizama dəvət etdikdən sonra da nalayiq ifadələr işlətməkdə davam etməsi polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi onun öz izahatı ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının özlərinin izahatı ilə də təkzib edilmişdir. Eyni zamanda, Şəxs xidməti avtomobildə olan zaman avtomobilin yan şüşəsinə zərbə endirməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd olunan faktlar məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən o, yalnız həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, yüngülləşdirici halı nəzərə alaraq həbsin müddətinin 5 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2025-ci il tarixdə 16:32-də tutulmadan azad edilsə də, xx.xx.2025-ci il tarixdə 16:32 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci il tarixdə 18:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci il tarixdə saat 18:00-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2025-ci il tarixdə saat 18:00-da başa çatmış hesab edilsin. Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar