Məhkəmə qərarları › İş №3(054)-59/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-59/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-59/2025 10.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərər çəkmiş şəxsin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu Padar kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan, orta təhsilli, evli, fəhlə, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 481 / 2022 nömrəli qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4550,00 manat əsas borc, 1124,92 manat faiz borcu və 76,74 manat dövlət rüsumu - cəmi 5751,66 manat tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Eyni zamanda, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 113 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 1347,00 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Həmin işlər üzrə icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2024-cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkarlara olan borcları ödənilməmiş qaldığına görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 481 / 2022 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 113 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu çalışdığı iş yerlərini teztez dəyişdirdiyi üçün tutulmanı onun maaşına da yönləndirmək mümkün olmamışdır. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu indiyədək icra sənədləri üzrə heç bir ödəniş etməmiş və hazırda onun tələbkarlara cəmi 7128,66 manat borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, "xxxx" MMC-dən nisyə alqı-satqı müqaviləsinə əsasən mobil telefon və televizor satın almış, Zərərçəkmiş şəxs1 ASC-dən isə krediti təsərrüfat qurmaq məqsədi ilə götürmüşdür. Lakin sonradan həmin borclar üzrə aylıq ödənişləri həyata keçirə bilməmişdir. O hazırda işsizdir və ailə vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Eyni zamanda onun himayəsində 3 azyaşlı övladı vardır. O, tezliklə ABC TELECOM” MMC-yə olan borcundan 400 manat ödəyə bilər. Onun hazırki vəziyyətdə isə tələbkarlara olan borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, o uzun müddət işsiz olması ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir, maddi imkanları daxilində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclunun tələbkara cəmi 1377 manat ödənilməmiş borcu qalmışdır. Hazırda tələbkar həmin məbləğin ən azından bir hissəsinin ödənilməsini tələb edir, borclu isə öz borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi icra məmuru tərəfindən məlumatlandırılmalarına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişdir. İcra məmurunun deməsinə görə, zərərçəkmiş şəxsin nümayəndəsi ilə telefon əlaqəsi saxlanıldıqda, borcun ən azından yarısının ödənilməsinin tələb edildiyi bildirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 481 / 2022 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 113 / 2023 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə hazırda onun tələbkarlara cəmi 7128,66 manat borcu qalmışdır. İcra məmuru həmin icra sənədlərinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, yalnız onun barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkarlara ödənilməli olan vəsaitin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 9 (doqquz) gün müddətində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 9 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar