Məhkəmə qərarları › İş №3(054)-71/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-71/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-71/2022 21.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1970-ci il tarixdə Ağdam rayonu Sarıhacılı kəndində anadan olmuş, Oğuz rayonu Xalxal Qışlaq kəndində məskunlaşıb yaşayan, subay (boşanmış), orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 20.04.2022-ci il tarixdə saat 17 radələrində Oğuz şəhəri avtovağzalının yanında yerləşən kafedə və kafenin qarşısında ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 21.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 20.04.2022-ci il tarixdə saat 17 radələrində Oğuz şəhəri avtovağzalının yanında ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Ağdam rayonundan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Oğuz rayonu Xalxal Qışlaq kəndində məskunlaşıb yaşayır. 20.04.2022-ci il tarixdə gündüz vaxtı dostu İlyas ilə birlikdə Oğuz şəhəri avtovağzalının yanında yerləşən “Şamlıq” adlanan kafedə nahar edib pivə içmişlər. Yaxınlıqda olan masalardan birində də polis əməkdaşlarının əyləşdiklərini görmüşdür. O, İlyas ilə birgə söhbət edərkən polis əməkdaşlarından biri onların masasına yaxınlaşıb nə üçün polis əməkdaşları barəsində danışdırqlarını soruşmuşdur. O isə belə bir danışıq olmadığını bildirmiş və İlyasa kafedən çıxıb getməyi təklif etmişdir. Onlar kafedən çölə çıxandan sonra yolun kənarında dayandıqları zaman polis əməkdaşları avtomobillə yaxınlaşaraq onun PolisŞöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları onu məcburi şəkildə avtomobilə əyləşdirib Polis Şöbəsinə aparmışlar. Kafedə və yolun kənarında olan zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır, ancaq o, heç kimi söyməmiş və nalayiq ifadələr işlətməmişdir. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Himayəsində əlil uşağı vardır. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon X14 Patrul Xidmətinin polis nəfəri X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 20.04.2022-ci il tarixdə polis nəfərləri Silduz Kərimov və Gündüz Şahhüseynovla birlikdə 2 nömrəli marşrut üzrə xidmət apararkən saat 16:45-də Oğuz şəhəri avtovağzalının yanında yerləşən “Şamlıq” adlanan kafedə sonradan adını bildiyi Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və nə üçün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşlar. Şəxs əvvəlcə heç kimin ünvanına nalayiq ifadə işlətmədiyini bildirsə də, sonradan yaxşı etdiyini deyərək öz hərəkətlərini davam etdirmiş və daha da aqressiv şəkildə nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Şəxs nümayişkaranə şəkildə kafedən çıxmış, kafedən çıxdıqdan sonra da cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs Oğuz rayon Polis Şöbəsinə dəvət edilərkən polis əməkdaşları ilə könüllü olaraq getmək istəməmiş, bundan sonra onlar həmin yerə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağıraraq onu məcburi şəkildə avtomobilə əyləşdirib Polis Şöbəsinə aparmışlar. Şəxs ictimai yerdə ucadan səs-küy salıb ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə yanaşı, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə də tabe olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon X14 Patrul Xidmətinin polis nəfərləri X5, X2 və Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri X7 şahid X1 izahatının məzmununa uyğun izahatlar verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Oğuz şəhəri avtovağzalının yanında yerləşən “Şamlıq” adlanan kafedə işləyir. 20.04.2022-ci il tarixdə gündüz vaxtı Şəxs və başqa bir şəxs kafeyə gələrək pivə sifariş edib kafenin həyətindəki masalardan birində əyləşərək pivə içməyə başlamışlar. Orada olan digər masalardan birində isə polis əməkdaşları olmuşlar. Bu zaman Şəxs polis əməkdaşlarının ünvanına ucadan, yəni başqalarının eşidə biləcəyi tərzdə nalayiq və xoşagəlməz ifadələr işlətməyə başlamış, polis əməkdaşlarından biri yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışdır. Şəxs isə daha uca səslə danışmağa və hay-küy salmağa, polis əməkdaşlarına qarşı aqressiv hərəkətlər etməyə başlamışdır. Şəxs və onunla birlikdə gələn şəxsin kafeyə gələrkən sərxoş vəziyyətdə olduqları hiss olunudu. Daha sonra Şəxs kafedən çıxıb getmək üçün ayağa qalxaraq kobud şəkildə ona müraciət edib hesabın nə qədər olmasını soruşmuş, o da 5 manat 40 qəpik olduğunu demişdir. Şəxs isə nümayişkaranə şəkildə 6 manat pulu masanın üzərinə ataraq kafedən çıxmışdır. Kafedən çıxdıqdan sonra da o, Şəxs yüksək səslə danışdığını, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş və polis əməkdaşlarının onu sakitləşdirmək istədiklərinin şahidi olmuşdur. Bir qədər sonra digər polis əməkdaşları da gələrək Şəxs avtomobilə əyləşdirib aparmışlar. İş materiallarına əlavə edilmiş 20.04.2022-ci il tarixli AZ 000528 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20.04.2022-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 20.04.2022-ci il tarixli 077 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20.04.2022-ci il tarixdə saat 17:25-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 20.04.2022-ci il tarixdə saat 17 radələrində Oğuz şəhəri avtovağzalının yanında yerləşən kafedə və kafenin qarşısında ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalı, Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilməli, inzibati həbsin əvvəli 20.04.2022-ci il tarixli AZ 000528 nömrəli inzibati qaydada tutma protokoluna əsasən 20.04.2022-ci il tarixdə saat 17:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X11 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş 21.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 20.04.2022-ci il tarixli AZ 000528 nömrəli inzibati qaydada tutma protokoluna əsasən 20.04.2022-ci il tarixdə saat 17:30-dan hesablansın. İnzibati həbs müddəti 30.04.2022-ci il tarixdə saat 17:30-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar