Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-72/2022 21.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli 2 (054) - 332 / 2021 nömrəli qətnaməsinə əsasən 16.07.2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 21.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli 2 (054) - 332 / 2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində 02.12.2021-ci il tarixli qərarla axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 1450 manat ödənilməmiş aliment borcu olmuşdur. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, pandemiya vəziyyəti ilə əlaqədar uzun müddət işsiz olduğuna görə aliment borcunun ödənilməsində gecikmə yaranmışdır. O, aliment bocunun xeyli hissəsini ödəmişdir və bu gün də 200 manat ödəyəcəkdir. Bir müddət əvvəl gündəlik gəliri 20 manat olan fərdi işdə işləməyə başlamışdır və bundan sonra daimi olaraq tələbkara pul ödəməklə aliment borcunun ödənilməsində yaranmış gecikməni də tədricən aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X4 məhkəməyə gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli 2 (054) - 332 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda qeyd edilmişdir ki, borclunun tələbkara olan aliment borcu 1450 manat təşkil edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, məhkəmə qətnaməsi ilə alimentin tutulması 16.07.2021-ci il tarixdən hesablansa da, bununla bağlı icra sənədi cəmi bir neçə ay əvvəl verilmiş, bu səbəbdən borclunun tələbkara ödənilməli olan xeyli aliment borcu yaranmışdır. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, borclu tələbkara hər ay müntəzəm olaraq 300 (üç yüz) manat miqdarında aliment ödəməsə də, maddi imkanları daxilində müəyyən məbləğlər ödəyir. Eyni, zamanda, borclu icra sənədi üzrə tələbkara olan aliment borcundan bu gün nağd olaraq 200 manat ödəməklə yaranmış gecikməni də tədricən aradan qaldıracağını bildirir. Borcluya məxsus olan, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Şəxs barəsində axtarış elan edilərək onun icra qurumuna gətirilməsinin məqsədi tələbkara olan borcun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borcun tam şəkildə ödənilməməsi ilə bağlı icra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi 21.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-72/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-72/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver