Məhkəmə qərarları › İş №3(054)-78/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-78/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-78/2022 28.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Oğuz rayon Mollalı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, təqaüdçü (birinci dərəcəli əlil), öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: 11.03.2022-ci il tarixdə Oğuz rayonu X2 Sərdar Adil oğlu ilə xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi faktı üzrə Oğuz rayon X11 Qrupunun təhqiqatçısı Səid Abbasinin 04.04.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 25.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X12 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 11.03.2022-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi faktı ilə bağlı toplanmış material üzrə 04.04.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Mollalı kəndində yaşayır və sağ ayağından amputasiya olunmaqla birinci dərəcəli əlildir. Xəstəliyi ilə əlaqədar Zərərçəkmiş şəxs onu müayinə və müalicə etmişdir. 11.03.2022-ci il tarixdə arvadı X17 rayonu Mərkəzi Xəstəxanasına həkim müayinəsinə aparmışdır. Xəstəxanada olan zaman Günayın rentgen müayinəsindən keçməsi üçün qeydiyyat şöbəsindən qəbz yazaraq həkim Zərərçəkmiş şəxs yanına göndərmişlər. X19 həkimin otağına gedib-gəldikdən sonra həkimin ona göndəriş sənədi vermədiyini, həmçinin, qeydiyyatçıların səhv etdiklərini, həm də həkimin onunla kobud davrandığını və qeydiyyatçıların ünvanına təhqiramiz ifadələr işlətdiyini demişdir. Bundan sonra o özü Qorxmaz həkimin otağına getmiş və qəbzi göstərərək göndəriş verməsini xahiş etmişdir. Lakin Qorxmaz həkim qəbzi ondan alaraq əzib masanın üzərinə atmış və göndəriş verməyəcəyini bildirmişdir. O, Qorxmaz həkimə arvadı Günay ilə kobud danışdığı və nalayiq ifadələr işlətdiyi üçün irad bildirəndə həkim onu vurmuşdur. O da Qorxmaz həkimin yaxasından tutmuş və onlar yerə yıxılmışlar. Xəstəxanada olan şəxslər səsküyə gələrək onları ayırmışlar. Həmin vaxt o, Qorxmaz həkimi vurmamışdır. Qorxmaz həkimin aldığı xəsarətlər onlar yerə yıxılarkən yaranmış ola bilər. Hazırda Zərərçəkmiş şəxs də ondan şikayətçi deyildir. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiridir. 11.03.2022-ci il tarixdə, yəni hadisə baş verən gün o, növbəti əməliyyatdan çıxmış və rayon İcra Hakimiyyətində təşkil edilən tədbirə də getməli olmuşdur. Həmin vaxt sonradan adını bildiyi Günay Hacıyeva otağa daxil olmuş və rentgen müayinəsi üçün göndəriş verilməsini xahiş etmişdir. O da öz növbəsində həmin pasiyentdən nə kimi şikayətlərinin olduğunu soruşmuş, bədənində hər hansı qırıq, çıxıq və sair zədə olubolmaması ilə maraqlanmışdır. Ancaq pasiyent yalnız ombasında ağrıları olduğunu, buna görə rentgen müayinəsindən keçmək istədiyi bildirmişdir. O da belə bir şikayətə görə rentgen müayinəsi üçün göndəriş verilməsinin mövcud prosedur qaydalarına zidd olduğunu, əvvəlcə Ailəsağlamlıq mərkəzinə müraciət etməli olduğunu, ondan sonra müayinə yazıla biləcəyini izah edərək bu səbəbdən göndəriş verə bilməyəcəyini demişdir. Bundan sonra pasiyent iki saatdır ki, gözlədiyini, nə üçün göndəriş verə bilmədiyini deyərək etiraz etmiş və narazı halda çıxıb getmişdir. Az sonra Şəxs otağa gəlmişdir. O, Şəxs həmin xəstəxananın pasiyenti olaraq uzun müddətdir ki, tanıyır. Belə ki, Sərdarın ayağındakı xəsarətlərlə əlaqədar əvvəllər dəfələrlə onu müayinə və müalicə etmiş, aralarında daim yaxşı münasibətlər olmuşdur. Sərdar da gəlib rentgen müayinəsi üçün göndəriş verilməsini tələb etmişdir. O, Sərdara da arvadına rentgen müayinəsinə göndəriş verilməsi üçün hər hansı əsas olmadığını, bu səbəbdən də ona göndəriş verə bilməyəcəyini izah etmişdir. Sərdar qeydiyyat şöbəsindən həkim kimi onun adına qəbz yazıldığını deyərək həmin qəbzi ona doğru uzatmışdır. O da qəbzi Sərdardan alıb qəbzin ona aid olduğunu bildirərək həmin qəbzi masanın üzərinə atmışdır. Bu zaman Sərdar onun burun nahiyyəsinə zərbə vurmuşdur. Sərdarla aralarında baş vermiş mübahisə zamanı onlar qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Şəxs onu vuraraq xəsarət yetirmiş olsa da və hazırda onunla barışmaq istəməsə də, hazırki vəziyyətdə o, Şəxs inzibati qaydada təhbeh olunmasını istəmir. Onun hazırda və Şəxsdan heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X6 da məhkəmə iclasında izahat verərək bildirmişdir ki, omba nahiyəsində ağrılar olduğu üçün 11.03.2022-ci il tarixdə əri Şəxs ilə birlikdə xəstəxanaya gəlmişdir. Rentgen müayinəsindən keçmək istədiyini qeydiyyat şöbəsində işləyən əməkdaşlara bildirdikdən sonra ona Qorxmaz həkimin adına yazılmış qəbz vermişlər. Qorxmaz həkimin əməliyyatda olduğu deyildiyi üçün iki saata yaxın onu gözləmişlər. Sonradan xəstəxananın ikinci mərtəbəsində Qorxmaz həkimin otağına gedib ona ağrılarının olması ilə əlaqədar rentgen müayinəsindən keçmək istədiyini bildirdikdə həkim ona belə bir göndəriş verə bilməyəcəyini demişdir. O isə öz növbəsində qeydiyyat şöbəsindən onun yanına göndərildiyini və buna görə də məhz onun adına yazılmış qəbz verildiyini, iki saata yaxındır ki, onu gözlədiyini bildirmişdir. Bu zaman Qorxmaz həkim qeydiyyat şöbəsində işləyən əməkdaşlar barədə nalayiq ifadələr işlədərək ondan otaqdan çıxmasını çox kobud şəkildə tələb etmişdir. Bundan sonra o, xəstəxananın birinci mərtəbəsinə düşüb məsələ ilə bağlı qeydiyyat şöbəsindən maraqlandıqdan sonra həmin məsələni əri Sərdara danışmışdır. Əri Sərdar ilə Qorxmaz həkim arasında mübahisə də Zərərçəkmiş şəxs onunla kobud davrandığına və nalayiq ifadələr işlətdiyinə görə yaranmışdır. Qorxmaz həkimlə aralarında danışıq olan zaman otaqda heç kim olmamışdır. Belə ki, o, otağa daxil olan zaman içəridə olan qadın işçi otaqdan çıxmış və çıxarkən həkimin paltarını dəyişdiyini deyərək ona gözləməsini bildirmişdir. O da həkim paltarlarını dəyişdikdən sonra otağa daxil olmuşdur. X22 həkimin otağına gedəndə isə o özü aşağıda gözləmiş, ancaq səs-küy eşidib ikinci mərtəbəyə Qorxmaz həkimin otağına qalxanda onların hər ikisinin yerdə uzanmış vəziyyətdə olduqlarını və Qorxmaz həkimin Sərdarı vurduğunu görmüşdür. Sərdarın burnundan qan gəlmiş, o və otaqda olan qadın işçilər Sərdar ilə Qorxmaz həkimi aralamağa çalışmışlar. Az sonra səs-küyə gələn mühafizəçilər onları ayırmışlar. İş üzrə şahid qismində dindirilmiş X9 izahat verərək göstərmişdir ki, o, Oğuz rayonu Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində işləyir və Qorxmaz həkim onun əridir. 11.03.2022-ci il tarixdə səhər saatlarında sonradan adını bildiyi Günay Hacıyeva cərrahiyə şöbəsinə Qorxmaz həkimdən rentgen müayinəsi üçün göndəriş istəmişdir. Qorxmaz həkim ona əsassız göndəriş verə bilməyəcəyini dedikdən sonra Günay Hacıyeva çıxıb getmiş, bundan sonra o özü də cərrahiyyə şöbəsinin digər otağına keçmişdir. Bir neçə dəqiqə sonra Qorxmaz həkimin otağında səs-küy eşidib həmin otağa keçəndə onun sonradan adını bildiyi Sərdar adlı şəxslə yerdə uzanmış vəziyyətdə dartışdıqlarını görmüşdür. Şəxs Qorxmaz həkimin boğazından tutaraq buraxmamış, Qorxmaz isə Sərdarın yaxasından yapışmışdır. Şəxs Qorxmaz həkimi vurmuş, o isə özünü müdafiə etməyə çalışmışdır. O və otaqda olan digər şəxslər onları aralamaq istəsələr də, Şəxs Qorxmaz həkimi buraxmamışdır. Bir qədər sonra səs-küyə gələn mühafizəçilərin də köməyi ilə onları ayırmışlar. İş üzrə şahid qismində dindirilmiş, Oğuz rayonu Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin xadiməsi X1 da məhkəmə iclasında şahid X3 izahatının məzmununa uyğun izahat verərək onu göstərdiyi xüsusatları təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 izahat verərək göstərmişdir ki, o, Şəki rayonlararası mühafizə şöbəsinin əməkdaşıdır və Oğuz rayonu Mərkəzi Xəstəxanasında mühafizəçi kimi növbəli xidmətdə olur. O, 11.03.2022-ci il tarixdə xidmətdə olmuşdur. Səhər saatlarında xəstəxananın dəhlizindən keçən zaman ikinci mərtəbədə səs-küy eşidib həmin yerə gedərkən cərrahiyyə şöbəsində Qorxmaz həkimin otağının qarşısında bir neçə nəfərin toplaşdığını, səsküyün də həmin otaqdan gəldiyini görmüşdür. O, dərhal içəri keçmiş və bu zaman Qorxmaz həkim ilə sonradan tanıdığı Şəxs adlı şəxsin mübahisə etdiklərinin, onların hər ikisinin sifət nahiyələrində qan izləri olmasının şahidi olmuşdur. O, Şəxs otaqdan çıxarmış və aidiyyəti üzrə məlumat vermişdir. O, otağa daxil olanda Qorxmaz həkim ilə Şəxs artıq aralanmış vəziyyətdə olmuş, konkret olaraq kimin kimi vurmasını şəxsən görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 izahat verərək göstərmişdir ki, o, Şəki rayonlararası mühafizə şöbəsinin əməkdaşıdır və Oğuz rayonu Mərkəzi Xəstəxanasında mühafizəçi kimi növbəli xidmətdə olur. O, 11.03.2022-ci il tarixdə xidmətdə olmuş, həmin gün saat 11:30 radələrində xəstəxananın cərrahiyyə şöbəsinin dəhlizində olarkən Qorxmaz həkimin otağında səs-küy eşitmişdir. Otağa daxil olarkən Qorxmaz həkim ilə sonradan tanıdığı Şəxs adlı şəxsin biri sağ çiyin, digəri isə sol çiyin üzərində olmaqla yerdə uzanıqlı vəziyyətdə dartışdıqlarını görmüşdür. İçəridə qadınlar və bir nəfər də adını bilmədiyi kişi həkim olmuş, həmin şəxslər Qorxmaz həkim ilə Şəxs ayırmağa çalışmışlar. O, dərhal həmin şəxslərin köməyi ilə Qorxmaz həkim ilə Şəxs ayırmış, həmin vaxt Qorxmaz həkimin ağzının kənarından, Şəxs isə burnundan qan axdığını görmüşdür. Bu zaman digər mühafizəçi Elnur Novruzov da otağa gəlib çatmış və Şəxs otaqdan çıxarmışdır. O, otağa daxil olandan sonra heç kim heç kimi vurmamış, həmin şəxslər yalnız yerdə uzanmış vəziyyətdə bir-birilərinin yaxasından tutmuşlar. O, Qorxmaz həkimin Şəxs və ya Şəxs Qorxmaz həkim vurmasının şəxsən şahidi olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X8 izahat verərək göstərmişdir ki, o, Oğuz rayonu Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsində işləyir. 11.03.2022-ci il tarixdə səhər saat 11 radələrində Günay Hacıyeva adlı qadın əri ilə birlikdə xəstəxanaya gələrək Qorxmaz həkimin yanına getmək istədiyini demiş və o da qəbz yazaraq vermişdir. Təxminən, 10-15 dəqiqə sonra həmin qadın gələrək Qorxmaz həkimin onu qəbul etmədiyini bildirmiş, lakin o, bunun səbəbi ilə maraqlanmamışdır. Belə ki, bunun səbəbi ilə maraqlanmaq qeydiyyatçı olaraq onların səlahiyyətinə aid deyildir. Eyni zamanda, pasiyent hansı həkimin qəbuluna getmək istəyirsə, ona həmin həkimin adına qəbz yazıb vermək də onların vəzifəsidir. Əgər pasiyent konkret olaraq hansı şöbəyə və ya hansı həkimin yanına getməli olduğunu bilmirsə, həmin şəxs uyğun şöbəyə və ya həkimə istiqamətləndirilməlidir. Onun Qorxmaz həkimin adına qəbz yazaraq Günay Hacıyevaya verməsində hər hansı qanunsuzluq və ya səhv olmamışdır. Oğuz rayon X11 Qrupunun baş təhqiqatçısı Səid Abbasinin 04.04.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində üst və alt dodaqların selikli qişasına qansızma, alnın orta yuxarı hissəsinin sıyrığı, alt çənənin sağ tərəfinin və döş qəfəsinin ön sol yuxarı hissəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən 11.03.2022-ci il tarixdə yetirilməyə xarakterik olmaqla, sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 11.03.2022-ci il tarixdə Oğuz rayonu Mərkəzi Xəstəxanasında xəstəxananın cərrahiyyə şöbəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu vurmaqla sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirərək qəsdən döymüşdür. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar