Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-86/2023 18.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X2, Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: HK-1/583 nömrəli material üzrə Oğuz rayon X5 Qrupunun baş təhqiqatçısı X4 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Kərimli kəndi ərazisində həmkəndlisi X3 məxsus “Samsung J4+” markalı mobil telefonu oğurlamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Oğuz rayon X5 Qrupunun baş təhqiqatçısı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında aidiyyəti şəxslərin həmin qərardan narazı olduqları halda, prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqları nəzərdə tutulmuşdur. Hazırki işin materiallarına qeyd olunan qərarın aidiyyəti şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Yalnız həmin qərarın surəti aidiyyəti şəxslərə 24 saat ərzində verilməli olduğu halda Şəxs qərarla xx.xx.2023-cü il tarixdə tanış olduğu qeyd edilmişdir. Hazırki iş üzrə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, X6 isə zərərçəkmiş şəxs qismində tanınmaqla həmin şəxslərin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan narazı olmaları ehtimalı olduğuna görə onların qeyd olunan qərardan şikayət verməsi halları istisna edilmir. Ancaq iş materiallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan qərarın digər aidiyyəti şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edilib-edilmədiyi, qərardan şikayət verilib-verilmədiyi, verilmişdirsə, şikayətin nəticəsi, şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Müraciət müəllifi Nuranə Mənəfovaya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda da qərarın surətinin həmin şəxsə göndərilməsi müəyyən edilmir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan hər hansı şəxs tərəfindən şikayət veriləcəyi və qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Bundan başqa, hazırki törədildiyi güman olunan inzibati xəta hadisəsində zərərçəkmiş şəxsin müəyyən edilməsi və tanınması mühüm əhəmiyyət kəsb edir, çünki qeyd edilən inzibati xəta mahiyyət etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Mülkiyyət əleyhinə olan inzibati xətalar” fəslinə aiddir . İş materiallarından da zərərçəkmiş şəxsin tanınması və onunla bağlı hər hansı prosessual hətəkətlər aparılması müəyyən edilmir (izahat, hüquq və vəzifələrə dair bildiriş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinin rəsmi qaydada təqdim edilməsi və s.). Bundan əlavə, araşdırma zamanı hadisənin bilavasitə şahidi olmuş şəxslərdən heç birinin izahatı alınmamış, Şəxs tərəfindən törədildiyi qeyd edilən inzibati xəta hadisəsinin hansı faktlarla təsdiq edildiyi də hər hansı mötəbər sübutlarla əsaslandırılmamışdır. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Oğuz rayon Polis Şöbəsinə qaytarılsın. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-86/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-86/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver