Məhkəmə qərarları › İş №3(054)-9/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-9/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-9/2022 10.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1996-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, fərdi identifikasiya nömrəsi 7VFVTV6 Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 19.04.2020-ci il tarixli MN ******* nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Qərar üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarı icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol 05.05.2021-ci il tarixdə Oğuz Rayon Məhkəməsinə daxil olmuş və həmin gün məhkəmədə qeydiyyata alınaraq işə baxılması 17.05.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına rəsmi qaydada məlumat verilmişdir. Lakin Şəxs heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişdir. İctimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğuna görə məhkəmə iclası təxirə salınaraq 03.06.2021-ci tarixə təyin edilmiş və Şəxs məhkəmə iclasına gətirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Lakin Şəxs 03.06.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına məcburi gətirilməsi təmin olunmamışdır. Qərarın icrası təmin edilmədiyindən məhkəmənin 03.06.2021-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Həmin vaxtdan sonra keçən müddət ərzində Şəxs məhkəmə iclasına gətirilməsi barədə qərarın icrası ilə əlaqədar Oğuz rayon Polis Şöbəsinə dəfələrlə müraciət edilmişdir. Lakin Şəxs məhkəməyə məcburi gətirilməsi mümkün olmamış və araşdırma zamanı onun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə törədildiyi qeyd edilən inzibati xəta hadisəsi 23.04.2021-ci il tarixdə (Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun tarixi) baş vermişdir. Həmin vaxtdan sonra məhkəmənin 03.06.2021-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış olsa da, inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixdən də 1 (bir) il müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi inzibati xətanın növündən asılı olmayaraq, inzibati xəta törətmiş şəxsin qaçıb gizləndiyi halda da, inzibati xəta hadisəsinin törədilməsindən sonra 1 (bir) il müddətin keçməsi ilə həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi halı istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar