Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-97/2022 26.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Kreditor Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin borclular X1 və Şəxs qarşı borc tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 29.01.2016-cı il tarixli 2 (073) - 574 / 2016 nömrəli məhkəmə əmrinə əsasən cəmi 12097,73 manat borc məbləği və 20 manat dövlət rüsumunun borclulardan müştərək qaydada tutularaq kreditorun hesabına verilməsi qərara alınmışdır. Həmin məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd olunan məhkəmə əmri üzrə Şəxs barəsində olan icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra sənədi üzrə Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 29.01.2016-cı il tarixli 2 (073) - 574 / 2016 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu Cəlilabad Rayon Məhkəməsinin 29.01.2016-cı il tarixli 2 (073) - 574 / 2016 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə indiyədək heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasını təmin etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, barəsində məhkəmə qərarının verilməsindən və icra sənədinin mövcud olmasından indiyədək onun xəbəri olmamışdır. Yalnız bu gün icra məmuru ona zəng etdikdən sonra bu barədə məlumatı olmuşdur. Tələbkara olan borcun ödənilməsini X3 özü öhdəsinə götürmüşdür. O özü də zamin olaraq borcun tam şəkildə ödənilməsində maddi imkanları daxilində iştirak edəcəkdir. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından boyun qaçırmaq niyyəti yoxdur və həmin qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini bu barədə xəbərdar olmadığı üçün yerinə yetirməmişdir. O, heç vaxt icra məmurunun qanuni tələblərinə tabesizlik göstərməmişdir. İcra məmuru tərəfindən çağırıldığını bildikdən sonra dərhal icra qurumuna gəlmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə kreditor təşkilatın səlahiyyətli əməkdaşı ilə telefon vasitəsilə əlaqə saxladıqda icra sənədinin vaxtında və tam şəkildə icra edilməsi tələb edildiyi bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə böyük icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətininə olan borcunu ödəməmişdir. Tələbkara ödənilməli olan məbləğ də kifayət qədər böyük məbləğdir. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə məhkəmə əmri üzrə icra sənədini indiyədək icra etmədiyinə görə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda borclunun öz borcunu ödəmədiyi qeyd edilmiş, lakin onun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsi halları müəyyən edilməmişdir. Belə hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İcra məmuru məhkəmə iclasında verdiyi izahatında borclunun icra məmurunun çağırışlarına gəlmədiyini bildirsə də, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən borclunun 16.09.2021-ci il tarixdən sonra icra qurumuna çağırılmış olması, eyni zamanda, həmin xəbərdarlıq məktubunun və əvvəlki çağırış vərəqələrinin də borcluya çatdırılmış olması müəyyən edilməmiş, bununla bağlı müvafiq sənədlər də məhkəməyə təqdim edilməmişdir. Borclu icra məmuru tərəfindən rəsmi olaraq çağırıldığı vaxtda həmin gün icra qurumuna gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirkar şəxslərə münasibətdə yaranır. Hazırki inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən, həmçinin, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda borclunun iş yeri və sabit gəlir mənbəyi, borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclunun maddi imkansızlığı onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranması ilə nəticələnmişdir. Eyni zamanda, icra məmuru tərəfindən borcluya çağırışların rəsmi qaydada göndərilməsi də öz təsdiqini tapmamışdır. Ancaq hazırki vəziyyətdə borclu tələbkara olan borcun ödənilməsi ilə bağlı maddi imkanları daxilində digər borclu ilə yanaşı müəyyən hərəkətləri etməyə çalışır. Borclunun məlumatsızlığı üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədinin vaxtında icra edilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Qanunvericiliyin tələbinə əsasən icra sənədi könüllü icra müddətində bir dəfəyə ödənilməlidir. Tələbin hissə-hissə icra edilməsi isə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla mümkündür. Borclunun icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra edə bilməməsi, onun tələbin yönəldilə biləcəyi hər hansı əmlakının və ya gəlirlərinin olmaması isə hazırki halda icra məmurunun özü tərəfindən müəyyən edilmişdir. Borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyi və təqsirkar olduğu iş materialları ilə təkzib olunmuşdur. İcra məmuru tərəfindən tərtib edilmiş hazırki protokolda borclunun icra sənədinin icrasını təmin etmədiyi qeyd edilsə də, onun təqsirinin nədən ibarət olması və nədə ifadə olunması protokolda öz əksini tapmamış, borclunun icra sənədinin icra olunmamasında təqsiri müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu Şəxs fərdi işlərdə işləyib-işləmədiyi, digər əmək fəaliyyəti ilə məşğul olub-olmadığı, gəlirlərinin mənbəyi və miqdarı müəyyən edilməmiş, bununla bağlı müvafiq icra tədbirləri həyata keçirilməmiş və zəruri sənədlər inzibati materiala əlavə edilməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Cəlilabad Rayon Məhkəməsinin 29.01.2016-cı il tarixli 2 (073) - 574 / 2016 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-97/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-97/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver