Məhkəmə qərarları › İş №3(054)-97/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-97/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-97/2023 14.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1984-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, orta təhsili, evli, "xxxx" MMC-də sürücü vəzifəsində çalışan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (001) - 957 / 2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 izahat verərək göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (001) - 957 / 2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. Belə ki, borclu 2022-ci ilin dekabr ayına kimi aliment borcunu müntəzəm qaydada ödəsə də, sonradan aliment ödənişində gecikmələr yarandığından tələbkarın ərizəsi əsasında borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun daimi iş yeri olduğu, hər ay 350 manat əmək haqqı aldığı aşkar edilmiş və tələb onun əmək haqqına yönəldilmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində xx.xx.2023-cü il tarixli qərarla axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 1045 manat ödənilməmiş aliment borcu olmuşdur. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 2022-ci ilin dekabr ayına kimi aliment ödənişinin cəmi 340 manat olmasına baxmayaraq hər ay 400 manat ödəmiş və həmin vaxtadək heç bir gecikmə olmamışdır. Həmin vaxta qədər işlədiyi müəssisədə sürücü kimi yük maşınını idarə etmiş və maaşı yüksək olmuşdur, lakin sonradan səhhəti ilə əlaqədar aşağı maaşlı digər növ avtomobil idarə etməyə başlamış, alimentin tutulması onun maaşına yönəldilsə də, tutulan məbləğ aylıq ödənişi əhatə etmədiyindən aliment borcunun ödənilməsində gecikmə yaranmışdır. O, yüksək gəlirli başqa işə keçməklə aliment borcunun ödənilməsində yaranmış gecikməni tədricən aradan qaldırmağa çalışacaqdır. Eyni zamanda qeyd edir ki, o, qeydiyyatda olduğu ünvanda, yəni Oğuz rayonu Xaçmaz kəndində deyil, bir müddətdir ki faktiki olaraq başqa ünvanda yaşadığına görə icra qurumunun çağırışlarından da xəbərsiz olmuşdur. Qeyd etdiklərinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və əmək haqqının aşağı olması ilə əlaqədar yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməmişdir, lakin 2022-ci ilin dekabr ayına kimi aliment ödənişinə əlavələr ödəmiş, bundan sonra da başqa işə keçməklə gecikməni tam şəkildə aradan qaldıracaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon vasitəsilə əlaqə saxladıqda borclunun ona olan gecikdirilmiş aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (001) - 957 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda qeyd edilmişdir ki, borclunun tələbkara olan aliment borcu 1045 manat təşkil edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, borclunun tələbkara ödənilməli olan xeyli aliment borcu yaranmışdır. Borclunun maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, borclu tələbkara 2022-ci ilin dekabr ayına qədər müntəzəm olaraq 400 manat ödəniş etməklə aliment ödənişindən başqa əlavə məbləğlər də ödəmişdir. Borclu bundan sonra yüksək gəlirli başqa işə keçməklə yaranmış gecikməni də tədricən aradan qaldıracağını bildirir. Eyni zamanda, borclunun daimi iş yeri olduğu, hər ay 350 manat əmək haqqı aldığı aşkar edildiyi üçün tələb onun əmək haqqına yönəldilmişdir. Borclu Şəxs barəsində axtarış elan edilərək onun icra qurumuna gətirilməsinin məqsədi də tələbkara olan borcun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. Borcun tam şəkildə ödənilməməsi ilə bağlı icra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar