Məhkəmə qərarları › İş №3(054)-97/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-97/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-97/2025 17.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2001-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan, subay, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:05 radələrində Oğuz şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025ci il tarixdə polis əməkdaşları Samir Şirinov və X10 şəhəri ərazisində xidmətdə olarkən Oğuz şəhəri, H.Əliyev prospektində hərəkətdə olan “KİA” markalı ** AU *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğunu görərək növbətçi hissəyə məlumat vermişdir. Bu məlumat əsasında YPX əməkdaşları həmin avtomobili saxladaraq saxladaraq sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişlər. Bu zaman sürücünün sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi aşkar edilmişdir. Polis əməkdaşları avtomobili duracağa aparmağa çalışdıqda avtomobildə olan sərnişinlər sonradan adlarını bildikləri X6, X4, X2 və Şəxs sərxoş vəziyyətdə ucadan səs-küy salmaqla onlara mane olaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmışdır. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin şəxslər 30 dəqiqə müddətində ictimai yerdə asayişi pozmuşlar. Sonra isə Şəxs və digər şəxslər avtomobilə məcburi şəkildə əyləşdirilərək polis şöbəsinə aparılmışlar. Şəxs törətdiyi əməl iş materiallarına əlavə edilmiş diskdəki videogörüntülərlə də öz təsdiqini tapır. Şəxs Oğuz şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə bacısı Aydan, tanışları Elnur Eyvazov və Taleh Məmmədovla birlikdə Oğuz şəhərində yerləşən kafelərdən birinə gəlmişlər. Həmin kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra Taleh ayıq sürücü çağırmışdır. Həmin şəxs onları evə apararkən polis əməkdaşı onları saxlamışdır. Bundan sonra Elnur Eyvazovla polis əməkdaşı arasında mübahisə yaranmışdır. Bu zaman o nə polis əməkdaşlarının, nə də ki digər şəxslərin ünvanına ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmişdir. Daha sonra isə polis əməkdaşlarından ibarət əlavə qüvvə gələrək onları polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu polis şöbəsinə apararkən ayağına və sinəsinə yumruq zərbələri vurmuşlar və hazırda da ayağı şişdir. Eyni zamanda da polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Taleh Məmmədov onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə saat təxminən, 22:30-da Taleh ona zəng edərək Oğuz şəhərində yerləşən kafelərin birində yemək yeyərək spirtli içki qəbul etdiyini bildirmiş və onu ayıq sürücü kimi həmin yerə dəvət etmişdir. O həmin yerə getmiş, Taleh və ikisi qadın olmaqla digər 3 şəxs avtomobilə əyləşmişlər. O həmin şəxsləri evlərinə aparmaq üçün avtomobili hərəkətə gətirmişdir. Onlar yolda olduqları zaman Oğuz şəhərinin mərkəzi küçəsində arxadan başqa bir avtomobilin sürücüsü ona saxla işarəsi vermişdir. Taleh ona avtomobili saxlamasını bildirmişdir. Bundan sonra o avtomobili saxlamış, yaxınlaşan şəxsin əvvəlcədən tanıdığı Elmir adlı polis əməkdaşı olduğunu görmüşdür. Həmin polis əməkdaşı ona yol hərəkət qaydalarını pozduğunu bildirmişdir. Bu zaman Taleh avtomobildən enərək avtomobilin ona məxsus olduğunu və özünün sərxoş olduğundan ayıq sürücü çağırdığını bildirmişdir. Bundan sonra avtomobildə əyləşmiş Qəbələ rayon sakinləri olan sərnişinlər X6 və X2 polis əməkdaşları ilə mübahisəyə başlamış və ucadan səs-küy salmışlar. O, Taleh Məmmədov və Şəxs mübahisəyə qarışdığının və polisin qanuni tələblərinə tabe olmamasının şahidi olmamışdır. Eyni zamanda Şəxs özü könüllü şəkildə polisin xidməti avtomobilində əyləşmişdir. Oğuz rayon X8 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X6 və X2 ictimai yerdə ucadan səs-küy salır və polisin qanuni tələblərinə tabe olmur. X2 isə həmin videoda ümumiyyətlə görünmür. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:05 radələrində Oğuz şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətdiyi, həmçinin, polisin qanuni tələbini icra etmədiyi, eyni zamanda bu faktın toplanmış material və videogörüntü ilə təsdiq edildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polis əməkdaşı avtomobili saxladarkən, eləcə də digər şəxlərlə polis əməkdaşı arasında mübahisə yaranarkən heç kəsin ünvanına nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Onun xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri, H.Əliyev prospektində nalayiq ifadələr işlətməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini, eyni zamanda polisin qanuni tələbini icra etməməsi, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs sadəcə olaraq polis əməkdaşları ilə mübahisə edən şəxslərin yanında dayanması xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bundan başqa qeyd olunmalıdır ki, “Polis haqqında” Qanunun 13-cü maddəsininin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı cinayət və ya digər hüquqpozmalar törətmiş şəxslərin tutulması və polisə gətirilməsi üçün tədbirlər görə bilər. Qanunun bu normasının tələblərindən belə məlum olur ki, əgər şəxs cinayət və ya digər hüquqpozma törətməmişdirsə onda o, tutula və polisə gətirilə bilməz, polis əməkdaşının bu vəziyyətdə irəli sürdüyü tələb də qanuni hesab oluna bilməz. İşin halları ilə isə müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində xırda xuliqanlıqda ifadə olunan hüquqpozma olmamışdır, beləliklə onun polisə aparılması üçün hüquqi əsaslar da yaranmamışdır. Buna baxmayaraq Şəxs polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş və könüllü şəkildə Polis Şöbəsinə getmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsi onun öz izahatı ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş şəxsin izahatı və digər iş materialları, eləcə də videogörüntü ilə təkzib edilmişdir. Qeyd olunan faktlar məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində “xırda xuliqanlıq” dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Eyni zamanda, şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar