Məhkəmə qərarları › İş №3(054)-98/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-98/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-98/2023 16.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1959-cu il tarixdə Şəki rayonu Qayabaşı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan, subay (dul), orta təhsilli, işsiz, təqaüdçü, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X1 və X5 cavabdeh X9 və X4 qarşı vərəsəliklə bağlı mübahisə nəticələnənə qədər Oğuz şəhərində yerləşən ümumi sahəsi 1,1705 ha olan torpaq sahəsində fəaliyyət göstərən Tansu (Nizami) Şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərardad çıxarılmasına dair ərizəsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16 (054) - 4 / 2023 nömrəli qərardadına əsasən qismən təmin edilərək Oğuz şəhərində 1,1705 ha torpaq sahəsində yerləşən Tansu (Nizami) Şadlıq sarayının fəaliyyəti dayandırılmış, qərardad 12 iyul 2023-cü il tarixədək qüvvədə olmaqla icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə tapşırılmış və icraya yönəldilmişdir. Həmin qərardad üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16 (054) - 4 / 2023 nömrəli qərardadına dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilərək icra üçün müddət təyin edilmiş, lakin borclu icra sənədini könüllü olaraq icra etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə fəaliyyəti dayandırılmış müəssisənin giriş hissələri icra məmurları tərəfindən möhürlənərək icra sənədinin icrası təmin edilmiş və bu barədə akt tərtib edilmişdir. Lakin Şəxs və digər borclu Azər Aydınov həmin möhürləri sındıraraq toy mərasimlərinin keçirilməsini yenidən təşkil etmişlər. Borclular icra şöbəsinə dəvət edilərək onlara məsuliyyətləri izah edilmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixində borcılular tərəfindən müəssisənin fəaliyyətinin bərpa edilməsi aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Hazırda da borclu tələbin tam şəkildə icrasından qəti olaraq imtina edir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdiklərinə əsasən borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tələbkarlar onun qızlarıdır və aralarındakı mübahisə vərəsliklə əlaqədar yaranmışdır. Sözügedən şadlıq sarayının sənədləri tam olaraq hazırlanmamışdır, hazırlandıqdan sonra həmin əmlakı özü və üç qızı arasında bölüşdürəcəkdir. Lakin hazırki mərhələdə şadlıq sarayının fəaliyyətini dayandırmağı mümkün deyildir. Belə ki, toy mərasimlərinin təşkili ilə əlaqədar sifarişlər bir neçə ay əvvəl götürülmüş, dəvətnamələr paylanmış və hazırlıqlar görülmüşdür. Şadlıq sarayının fəaliyyətinin dayandırılması onun özüylə yanaşı sifarişçilərə də ziyan vurur. Bu səbəbdən də giriş hissələrə vurulmuş möhürü sındıraraq qapıları açmaq məcburiyyətində qalmışdır. Eyni zamanda Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16 (054) - 4 / 2023 nömrəli qərardadından o və digər borclu apellyasiya şikayəti vermişdir və iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin qərardadın ləğv edilmə ehtimalı vardır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən qərardad ləğv edilməzsə o, qanunun tələblərinə əməl edəcək və icra sənədinin icrasına mane olmayacaqdır. Lakin hazırki mərhələdə bunu etmək iqtidarında deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır, ancaq şadlıq sarayının fəaliyyətini təmin etmək məcburiyyətində qalmışdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, borclu onun anasıdır. O və bacıları arasında vərəsəliklə bağlı mübahisə yaranmışdır. Vərəsəliklə bağlı iddia qaldıracaqdır, lakin o vaxta qədər tədbir görülməsi üçün o və digər bacısı müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etmişlər və ərizə qismən təmin edilərək icraya yönəldilmişdir. O, hazırda icra sənədinin tam icrasının tələb etsə də, borclu barəsində daha yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Digər zərərçəkmiş şəxs X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16 (054) - 4 / 2023 nömrəli qərardadına əsasən Oğuz şəhərində 1,1705 ha torpaq sahəsində yerləşən Tansu (Nizami) Şadlıq sarayının fəaliyyəti dayandırılmış, qərardad 12 iyul 2023-cü il tarixədək qüvvədə olmaqla icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə tapşırılmış və icraya yönəldilmişdir. Lakin borclu Şəxs həmin qətnaməyə dair icra sənədinin icrasına maneə törətmiş və hazırda da heç bir üzürlü səbəb olmadan maneə törədərək icra sənədini tam şəkildə icra etməkdən imtina edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin faktiki hallarını, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə altmış yaşına çatmış qadın olmaqla barəsində inzibati həbs tətbiq edilə bilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə edilməsini, cərimənin 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar