Məhkəmə qərarları › İş №3(054)-99/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-99/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-99/2025 17.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, ibtidai təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:05 radələrində Oğuz şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları Samir Şirinov və X13 şəhəri ərazisində xidmətdə olarkən Oğuz şəhəri, H.Əliyev prospektində hərəkətdə olan “KİA” markalı ** AU *** dövlət nömrəli avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğunu görərək növbətçi hissəyə məlumat vermişdir. Bu məlumat əsasında YPX əməkdaşları həmin avtomobili saxladaraq sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişlər. Bu zaman sürücünün sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi aşkar edilmişdir. Polis əməkdaşları avtomobili duracağa aparmağa çalışdıqda avtomobildə olan sərnişinlər - sonradan adlarını bildikləri Şəxs, X6, X3 və X1 vəziyyətdə ucadan səs-küy salmaqla onlara mane olaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmışlar. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin şəxslər 30 dəqiqə müddətində ictimai yerdə asayişi pozmuşlar. Sonra isə Şəxs və digər şəxslər avtomobilə məcburi şəkildə əyləşdirilərək polis şöbəsinə aparılmışlar. Şəxs törətdiyi əməl iş materiallarına əlavə edilmiş diskdəki videogörüntülərlə də öz təsdiqini tapır. Şəxs Oğuz şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə 15:05-də məhkəməyə gətirilərək inzibati qaydada tutulmadan azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, O, Qəbələ rayonunun Qəmərvan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə tanışları Taleh Məmmədov, Aydan Mustafayeva və Həyat Mustafayeva ilə birlikdə Oğuz şəhərinə gələrək orada yerləşən kafelərdən birində yemək yemiş və spirtli içki qəbul etmişlər. Onlar artıq sərxoş vəziyyətdə olduğundan Taleh Məmmədov tanışı Amid Səmədovu ayıq sürücü kimi avomobili idarə etməsi üçün çağırmışdır. Amid onlar olan yerə gələrək avtomobili idarə etməyə başlamışdır. Onlar yolda olduqları zaman polis əməkdaşları onları saxlamış və sənədləri tələb etmişdir. Bu zaman o, avtomobildən enərək polis əməkdaşına yaxınlaşmış və kənarda söhbət etməyi təklif etmişdir. Polis əməkdaşı isə ona gedib maşında oturmalı olduğunu bildirmişdir. Bundan sonra isə onlar arasında mübahisə yaranmışdır. O spirtli içkinin təsirində olduğundan etdiyi hərəkətlərin mahiyyətini dərk etməmiş və qanunsuz hərəkətlərə yol vermiş, səhv hərəkət etdiyini sonradan başa düşmüş və əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiklərinə əsasən ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Taleh Məmmədov onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə saat təxminən, 22:30-da Taleh ona zəng edərək Oğuz şəhərində yerləşən kafelərin birində yemək yeyərək spirtli içki qəbul etdiyini bildirmiş və onu ayıq sürücü kimi həmin yerə dəvət etmişdir. O həmin yerə getmiş, Taleh və ikisi qadın olmaqla digər 3 şəxs avtomobilə əyləşmişlər. O həmin şəxsləri evlərinə aparmaq üçün avtomobili hərəkətə gətirmişdir. Onlar yolda olduqları zaman Oğuz şəhərinin mərkəzi küçəsində arxadan başqa bir avtomobilin sürücüsü ona saxla işarəsi vermişdir. Taleh ona avtomobili saxlamasını bildirmişdir. Bundan sonra o avtomobili saxlamış, yaxınlaşan şəxsin əvvəlcədən tanıdığı Elmir adlı polis əməkdaşı olduğunu görmüşdür. Həmin polis əməkdaşı ona yol hərəkət qaydalarını pozduğunu bildirmişdir. Bu zaman Taleh avtomobildən enərək avtomobilin ona məxsus olduğunu və özünün sərxoş olduğundan ayıq sürücü çağırdığını bildirmişdir. Bundan sonra avtomobildə əyləşmiş Qəbələ rayon sakinləri olan sərnişinlər Şəxs və X3 polis əməkdaşları ilə mübahisəyə başlamış və ucadan səs-küy salmışlar. O, Taleh Məmmədov və Həyat Mustafayevanın mübahisəyə qarışdığının və polisin qanuni tələblərinə tabe olmamasının şahidi olmamışdır. Oğuz rayon X9 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs və X3 ictimai yerdə ucadan səs-küy salır və polisin qanuni tələblərinə tabe olmur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:45-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:05-də tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 357 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:39-da tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:05 radələrində Oğuz şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə ucadan səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin, şahidin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2025-ci il tarixdə 16:15-də tutulmadan azad edilsə də, xx.xx.2025-ci il tarixdə 15:05 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci il tarixdə 02:45-dən hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X9 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci il tarixdə saat 02:45-dən hesablansın. İnzibati həbs müddəti xx.xx.2025-ci il tarixdə saat 02:45-də başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar