Məhkəmə qərarları › İş №3(055)-1/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1/2023 09.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan, Saatlı şəhəri Mirağa Ağayev küçəsi, ev 44-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09 yanvar 2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında sərxoş halda ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı şəhəri Mirağa Ağayev küçəsi, ev 44-də yaşayır. 08 yanvar 2023-cü il tarixdə spirtli içki qəbul etmiş və həmin gün saat 23:30 radələrində sərxoş halda da, Saatlı şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında ünvansız söyüşlər söyməsinə görə ərazidə xidmət edən polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizamlı olmağa dəvət etmişlər. Lakin, spirtli içkinin təsiri altında olduğundan o, hərəkətlərini davat etdimiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları onu Saatlı RPŞ-nə aparmışlar. Ona görə də göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Saatlı rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri, polis leytenantı X3 izahatında göstərdi ki, 08 yanvar 2023-cü il tarixdə saat 23:50 radələrində o, Saatlı RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Seyran Əhmədov və Həbib Əliyevlə birlikdə Saatlı şəhəri H.Əliyev prospektində mərkəzi bazarın qarşısında xidmətdə olarkən bir nəfər vətəndaşın sərxoş halda uca səslə ünvansız nalayiq küçə söyüşləri söyməsinə görə ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin vatəndaşı nizam-intizamlı olmağa dəvət etmişlər. Həmin vaxt vətəndaş onların qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmiş və onlara qarşı kobud hərəkətlər etdiyi üçün polis şöbəsinə aparmaq istəmişlər. Lakin vətəndəş polis şöbəsinə getməkdən imtina etdiyi üçün onu məcburi qaydada Saatlı RPŞ-nə aparmışlar. Rayon polis şöbəsində həmin şəxsin Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla Saatlı şəhəri Mirağa Ağayev küçəsi, ev 44-də yaşayan Şəxs olması müəyyən edilmişdir. Saatlı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis leytenantı X2 izahatında göstərdi ki, 08 yanvar 2023-cü il tarixdə saat 23:50 radələrində o, Saatlı rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri, polis leytenantı X3 və Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Həbib Əliyevlə birlikdə Saatlı şəhəri H.Əliyev prospektində mərkəzi bazarın qarşısında xidmətdə olarkən bir nəfər vətəndaşın uca səslə ünvansız nalayiq küçə söyüşləri söyməsini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin vatəndaşı nizam-intizamlı olmağa dəvət etmişlər. Lakin vətəndəş sərxoş halda olduğundan onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etdiyi üçün vətəndaşı məcburi qaydada Saatlı RPŞ-nə gətirmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında sərxoş halda ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsi özünün etirafı, şahidlərin ifadələri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən hallar yoxdur. Materiala əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli, 02 saylı sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkaqol sərxoşluğu müəyyən edilmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən halların olmamasını, ağırlaşdırıcı halın olmasını, xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 09 yanvar 2023-ci il tarixdən saat 13:00 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar