Məhkəmə qərarları › İş №3(055)-102/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-102/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-102/2025 16.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1966-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı şəhəri, B.Vahabzadə küçəsi ev 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə icra məmurunun qanuni tələblərinə əməl etməmiş və üzərində olan 1500 manat cəriməni ödəməmişdir. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərdi ki, Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə onun, yəni icra məmurunun qanuni tələblərinə əməl etməmiş və üzərində olan 1500 manat cəriməni ödəməmişdir. Lakin onun tərəfindən Şəxs icra sənədindəki (qərardakı) cərimənin tələbkara ödənilməsi tələb olunduqda, Şəxs maddi imkanının olmadığını bildirərək icra sənədini icra etməkdən yayınmışdır. Ona görə də hazırki inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Hazırki vaxtadək həmin cəriməni maddi imkanı olmadığından ödəmədiyi üçün icra məmuru dəfələrlə onu icra sənədinin tam icrası ilə bağlı xəbərdarlıq etmiş, lakin o, cəriməni ödəmək iqtidarında olmamışdır. Ona görə də məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə icra məmurunun qanuni tələblərinə əməl etməmiş və üzərində olan 1500 manat cəriməni ödəməkdən imtina etmişdir. İş materiallarından, o cümlədən inzibati xəta haqqında 15 yanvar 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və 529.2-ci maddələrinin dispozisiyalarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət isə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yaranır. Sadalanan qanunvericilik normalarından görünür ki, icra məmuru tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməyə görə İXM-nin 529.2-ci maddəsinin tərkibi yaranmadığından həmin maddə ilə deyil, İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edə bilərdi. Lakin icra məmuru İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Lakin məhkəmə qeyd edir ki, hazırki iş üzrə İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmə müddəti də keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Qanunvericiliyin tələbinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində müəyyən olunmuş müddətlər ərzində həmin şəxsin barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilməli idi. Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötmüş və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Yəni, Şəxs əməlində İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, qeyd olunan inzibati xəta haqqında protokol üzrə həmin əmələ görə, inzibati xətanın törədildiyi gündən dörd aydan artıq müddət keçdiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməli, Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunmalı, həmçinin də, icra məmuruna izah olunmalıdır ki, sözügedən inzibati tənbeh vermə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunsun. İcra məmuruna izah olunsun ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilməlidir. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar