Məhkəmə qərarları › İş №3(055)-1050/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1050/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1050/2023 22.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakı ilə xx xxxxxxxx 1978-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 22 sentyabr 2023-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Saatlı şəhəri A.Abuzərov küçəsində yerləşən ayaqqabı sexinin qarşısından X3 məxsus olan 28 markalı velosipedi oğurlayaraq özgə əmlakını talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Saatlı şəhəri A.Abuzərov küçəsində yerləşən ayaqqabı sexinin qarşısında saxlanılmış 28 markalı velosipedi pula ehtiyacı olduğu üçün oğurlamış və Sabirabad rayonunda tanımadığı şəxsə 52 manata satmışdır. Velosipedi oğurlayarkən həmin yerdə heç kim olmamışdır. Polis onu saxladıqdan sonra bilmişdir ki, velosiped X3 məxsusdur və vurmuş olduğu ziyanı ödəməmişdir. Bir daha belə bir hərəkət etməyəcəyinə söz verir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 göstərdi ki, 28 markalı velosiped uzun müddətdir onun istifadəsindədir. 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində həmin velosipedi Saatlı şəhəri A.Abuzərov küçəsində yerləşən ayaqqabı sexinin qarşısında saxlamış və yaxınlıqda olan çayxanaya getmiş, qayıtdıqda isə velosipedinin oğurlandığı bilmişdir. Bundan sonra rayon polis şöbəsinə və DİN-nin “102” zəng xidmətinə məlumat vermişdir. Polisin araşdırmasından sonra onun velosipedinin Şəxs tərəfindən oğurlanması ona məlum olmuşdur. Hal-hazırda Şəxs ona vurmuş olduğu ziyanı ödəmədiyindən ondan şikayətçidir. İş materiallarına əlavə olunmuş 14 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Saatlı şəhəri A.Abuzərov küçəsində yerləşən ayaqqabı sexinin qarşısından X3 məxsus olan 100 manat dəyərində 28 markalı velosipedi oğurlayan naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan həmni naməlum şəxs və ya şəxslər müəyyən edilərək barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-nin İTB-nə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 02 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Saatlı şəhəri A.Abuzərov küçəsində yerləşən ayaqqabı sexinin qarşısından X3 məxsus olan 28 markalı velosipedi oğurlayaraq özgə əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi yaranmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün səmimi etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan üç ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 22 sentyabr 2023-cü il tarixdən saat 12:35 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar