Məhkəmə qərarları › İş №3(055)-1086/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1086/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1086/2023 28.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Saatlı şəhəri M.Müşfiq küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 28 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə 14 may 2023-cü il tarixdə saat 20 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri H.Əliyev prospektindən keçən hissəsində etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmış və həmin zolaqda hərəkətdə olan Beyləqan rayon sakini X1 etibarnamə ilə idarə etdiyi “Mercedes Atego” yük markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Atego” yük markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 14 may 2023-cü il tarixdə saat 20:00 radələrində Saatlı şəhəri H.Əliyev prospektində spirtli içkinin təsiri altında sərxoş halda etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxarmış və həmin həmin vaxt əks istiqamətli zolaqla hərəkətdə olan Beyləqan rayon sakini X1 etibarnamə ilə idarə etdiyi “Mercedes Atego” yük markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özü ağır xəsarət almış, onun və X1 etibarnamə ilə idarə etdiyi “Mercedes Atego” yük markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda etdiyi əməldən peşman olmasının nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərər çəkmiş şəxs X2 məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı iclasında iştirak etməmiş və işə baxılmasının təxirə alınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə 14 may 2023-cü il tarixdə saat 20 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri H.Əliyev prospektindən keçən hissəsində etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə üfüqi nişanlanma xəttinin tələblərini pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmış və həmin zolaqda hərəkətdə olan Beyləqan rayon sakini X1 etibarnamə ilə idarə etdiyi “Mercedes Atego” yük markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Atego” yük markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinin dizpoziyasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəzərdə tutulmuşdur. Materiala əlavə edilmiş 14 may 2023-cü il tarixli, 79 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Materiala əlavə edilmiş 04 avqust 2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 333.3-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Saatlı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Şəxs “VAZ 21074” markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla etibarnamə ilə idarə etmişdir. “Mercedes Atego” yük markalı **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 9050 manat məbləğində maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar