Məhkəmə qərarları › İş №3(055)-1087/2022

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1087/2022

28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1087/2022 28.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Gomuşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 28 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(055)-2531/2016 saylı məhkəmə əmrinin və Saatlı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(055)-754/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və üzərində 3237 manat borcu vardır. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(055)-2531/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 2264 manat alınaraq X1 ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(055)-754/2021 saylı icra sənədinə əsasən Şəxs 1232.80 manat alınaraq X4 ödənilməlidir. Həmin icra sənədi üzrə Şəxs 3237 manat borcu qalmışdır. O, dəfələrlə həmin icra sənədini icrasını Şəxs tələb etsə də, borclu icra sənədini tam icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(055)-2531/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 2264 manat alınaraq X1 ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(055)-754/2021 saylı icra sənədinə əsasən Şəxs 1232.80 manat alınaraq X4 ödənilməlidir. Həmin icra sənədi üzrə Şəxs 3237 manat borcu qalmışdır. Hazırda işləmədiyi və maddi imkanı olmadığı üçün borcundan tam olaraq deyil, hissə-hissə ödənişlər etmiş, lakin buna baxmayaraq hazırda borcundan xx.xx.2022-ci il tarixdə 50 manat, 12 dekabr 2022-ci il tarixdə 100 manat, 25 dekabr 2022-ci il tarixdə 64 manat, 25 dekabr 2022-ci il tarixdə 36 manat ödəmişdir. Həmişə çalışmışdır ki, icra məmurunun qanuni tələblərini vaxtında yerinə yetirsin, lakin onun heç bir əmlakı və sair gəlirləri yoxdur ki, tələbkara olan aliment borcunu tam olaraq birdəfəyə ödəsin. Tələbkarlarla razılıq əldə etmişdir. Çalışacaq ki, ən qısa müddətdə qalan borcunu da birdəfəlik ödəsin. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 50 manat, 12 dekabr 2022-ci il tarixdə 100 manat, 25 dekabr 2022-ci il tarixdə 64 manat, 25 dekabr 2022-ci il tarixdə 36 manat ödənişlər etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(055)-2531/2016 saylı məhkəmə əmri və Saatlı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(055)- 754/2021 saylı icra sənədi üzrə borclu olduğu puldan xx.xx.2022-ci il tarixdə 50 manat, 12 dekabr 2022-ci il tarixdə 100 manat, 25 dekabr 2022-ci il tarixdə 64 manat, 25 dekabr 2022-ci il tarixdə 36 manat ödənişlər etmiş və bundan sonra da qalan borcunu ödəyəcəyinə söz verərək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar