Məhkəmə qərarları › İş №3(055)-1184/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1184/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1184/2025 17.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 noyabr 2025-ci il tarixli EP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti 23760 ABŞ dolları məbləğində vəsaiti 01 noyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23760 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hesab edir ki, hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan da baxıla bilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqavilə satıcı “X2” ilə «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" ASC-nin “Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrə dair” cədvəlindən və debit haqqında bildirişdən görünür ki, Saatlı rayon Gomuşçu kəndində yerləşən (VÖEN **********) «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" ASC vasitəsi ilə 23760 ABŞ dollarını “X2”ə (Qırğızıstan Respublikasına) göndərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti 23760 ABŞ dolları məbləğində vəsaiti 01 noyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23760 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddinin, yəni geri qaytarılmayan 23760 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi məbləğində cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Saatlı rayon Gomuşçu kəndində yerləşən (VÖEN **********) «M.İ.T.İ X3» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib 4752 (dörd min yeddi yüz əlli iki) ABŞ dolları məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar