Məhkəmə qərarları › İş №3(055)-1214/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1214/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1214/2023 30.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı rayonu Əlisoltanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin, 22 iyun 2023-cü il tarixli, 2(011)-421/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində 3432 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin, 22 iyun 2023-cü il tarixli, 2(011)- 421/2023 saylı icra sənədinə əsasən Şəxs 03 avqust 2008-ci ildə anadan olmuş X3 və 08 sentyabr 2015-ci ildə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılaraq borcluya tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Daha sonra borclunun Ukrayna Respublikasında olduğu müəyyən edilərək onunla əlaqə saxlanılmışdır. Borclu aliment öhdəliyi barədə məlumatının olmadığını bildirmiş və dərhal borcundan 17 avqust 2023-cü il tarixdə 400 manat, sonra isə 14 sentyabr 2023-cü il tarixdə 400 manat, 23 oktyabr 2023-cü il tarixdə 200 manat, 25 oktyabr 2023-cü il tarixdə isə 200 manat ödəniş etmişdir. Hazırda borclunun 3432 manat ödənilməmiş aliment borcu vardır. Tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir.Odur ki, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(011)-421/2023saylı icra sənədinə əsasən ondan 14 noyabr 2008-ci ildə anadan olmuş X5 və 08 sentyabr 2015-ciildə anadan olmuş X6 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Ukraynada yaşadığından onun aliment borcunun olmasından məlumatı olmamışdır.İcra məmuru onunla əlaqə saxladıqdan sonra bu barədə xəbər tutmuş və dərhal manat ödəniş etmişdir. Daha sonra isə ödəniş etmişdir. Təxminən iki həfətyə yaxındır ki, Azərbaycan Respublikasına qayıtmışdır. Hazırda işləmir. Maddi vəziyyəti ilə əlaqədar aliment borcunu tələbkara tam şəkildə ödəyə bilməmişdir. Lakin buna baxmayaraq icra sənədi icraya yönəldilən vaxtdan halhazıradək mütəmadi olaraq ümumilikdə 16 min manata yaxın aliment borcu ödəmişdir. Bundan başqa isə 16 sentyabr 2023-cü il tarixdə 200 manat borcundan ödəniş etmişdir.Qalan borcunu da ən qısa müddətdə tamamlamağa söz verir.Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(011)-421/2023 saylı icra sənədinə əsasən borcludan 03 avqust 2008-ci ildə anadan olmuş X3 və 08 sentyabr 2015-ci ildə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulub onunun xeyrinə ödənilməlidir. Şəxs borcundan 17 avqust 2023-cü il tarixdə 400 manat, 14 sentyabr 2023-cü il tarixdə 400 manat, 23 oktyabr 2023-cü il tarixdə 200 manat və 25 oktyabr 2023-cü il tarixdə 200 manat ödəniş etmişdir.Hazırda borclunun 3432 manat ödənilməmiş borcu vardır. Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini istəmir, lakin borcun tam şəkildə ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs aliment borcundan 17 avqust 2023-cü il tarixdə 400 manat, 14 sentyabr 2023-cü il tarixdə 400 manat, 23 oktyabr 2023-cü il tarixdə 200 manat və 25 oktyabr 2023-cü il tarixdə 200 manat ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.İş materiallarından görünür ki, Şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin, 22 iyun 2023-cü il tarixli, 2(011)-421/2023 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan borcundan aliment öhdəliyi barədə xəbər tutduqdan dərhal mütəmadi olaraq, yəni 17 avqust 2023-cü il tarixdə 400 manat, 14 sentyabr 2023-cü il tarixdə 400 manat, 23 oktyabr 2023-cü il tarixdə 200 manat və 25 oktyabr 2023-cü il tarixdə 200 manat ödəniş etmiş və bundan sonra da qalan borcunu ödəyəcəyinə söz verərək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. İşin müəyyən olunan bu halı artıq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti ilə uzlaşmır. Hazırda Şəxs bəhs olunan icra vərəqəsi üzrə 3432 manat pulu ödəməməsi subyektiv deyil, məhz obyektiv səbəblə, yəni maddi imkanının olmaması ilə bağlı olmuşdur. Şəxs hərəkətlərinin təhlili ilə müəyyən olunur ki, borclunun ona edilmiş xəbərdarlıqdan sonra üzərinə qoyulmuş vəzifələrin mahiyyətini dərk etməsi, icra sənədi üzrə müəyyən məbləğdə ödəniş etməsi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir.Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar