Məhkəmə qərarları › İş №3(055)-1269/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1269/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1269/2023 08.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, «X2» Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi X6 oğlunun iştirakı ilə «X2» Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 02 noyabr 2023-cü il tarixli EP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, «X2» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankının 06 sentyabr 2023-cü il tarixli, 6-1- 26/2-6616/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X2» Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi X4 izahatında göstərdi ki, «X2» Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Mərkəzi Bank tərəfindən tərtib olunmuş 02 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla razı deyil. Çünki Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «X2» Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 2022-ci ilə dair emitentin illik hesabatının 5(beş) iş günü ərzində ASC tərəfindən Mərkəzi Banka təqdim edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6616/2023 saylı bildiriş məktubu ASC-yə təqdim olunmamışdır. Poçt xəbərnaməsini 11 sentyabr 2023-cü il tarixdə imzalayaraq qəbul etmiş Rəsul adlı şəxs isə «X2» Açıq Səhmdar Cəmiyyətində işləmir.Həmçinin həmin bildiriş məktubu hər hansı bir çatdırılma üsulu ilə də ASC-yə daxil olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmisinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə «X2» Açıq Səhmdar Cəmiyyətinin təmsilçisini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, «X2» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Materiala əlavə edilmiş İnternet Vergi İdarəsi kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlar haqqında cədvəldən görünür ki, Saatlı rayonu Sarcalar kəndində yerləşən (VÖEN **********) «X2» Açıq Səhmdar Cəmiyyəti 02 may 2007-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 06 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6616/2023 saylı bildirişindən və poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2022-ci ilə dair emitentin illik hesabatının 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi «X2» ASC-dən tələb olunmuş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması bildirilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixdə Rəsul adlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilərək qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2022-ci ilə dair emitentin illik hesabatının 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi barəsində «X2» ASC-yə ünvanlanmış 06 sentyabr 2023cü il tarixli, 6-1-26/2-6616/2023 saylı bildiriş «X2» ASC-yə rəsmi qaydada təqdim olunmamış, xx.xx.2023-cü il tarixdə bildirişi poçt xəbərnaməsinə imza etməklə qəbul etmiş Rəsul adlı şəxs isə həmin ASC-nin işçisi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, «X2» ASC-nin hərəkətlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının tələbi ilə zəruri olan məlumatların Banka təqdim edilməməsi kimi hallar mövcud deyil. «X2» ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə təqdim edilməməsi halı mövcud olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 548.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Ona görə də «X2» ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: «X2» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar