Məhkəmə qərarları › İş №3(055)-1291/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1291/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1291/2023 30.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Mustafabəyli kəndində qeydiyyatda olan, Saatlı rayonunun Əlisoltanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 oktyabr 2023-cü il tarixdə Saatlı rayonunun Əlisoltanlı kəndində yaşadığı fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sillə ilə qonşusu Zərərçəkmiş şəxs qəsdən döyərək sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı gəlini olmaqla qonşusudur. Əvvəllər aralarında heç bir ədavətləri və mübahisələri olmamışdır. 05 oktyabr 2023-cü il tarixdə axşam vaxtlarında qonşusu Zərərçəkmiş şəxs azyaşlı uşağı onun həyətində uşaqları ilə oynadığı vaxt Təbərrik onun həyətinə gəlmiş və uşağını evə göndərməməsinə görə onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt o, Təbərrikə uşağı necə evindən qovsun demiş, lakin Təbərrik ona qarşı nalayiq ifadələr işlədərək uşağını da götürüb həyətindən getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olsa da, onu sillə ilə vurmamış, döyməmiş, təhqir etməmiş, heç bir qanunsuz hərəkət etməmişdir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət şər və böhtandır. Ona görə də məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs onun qohumu və qonşusudur. Əvvəllər aralarında heç bir ədavətləri və mübahisələri olmamışdır. 05 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində azyaşlı oğlunu Şəxs uşaqları çağırıb öz həyətlərinə aparmış, lakin bir neçə saat keçməsinə baxmayaraq uşağının gəlmədiyini görüb Şəxs həyətinə getmişdir. Həyətdə uşağının tər içində araba ilə odun daşıdığını görüb əsəbləşmiş və Fəyyazı çağıraraq uşağına görə ona iradını bildirmişdir. Həmin vaxt Şəxs həyətdə onun üstünə gələrək söyüb təhqir etmiş, başına əl ataraq saçından tutub yerdə sürüyüb xəsarət yetirmiş, lakin onu sillə ilə vurmamışdır. Hazırda Şəxs ilə barışmır və ona cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 07 oktyabr 2023-cü il tarixli 317 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çənə bucağı proyeksiyasında qançır, sol saidin aşağı 1\3-də bayır səthdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti 05 oktyabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 23 oktyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə Zərərçəkmiş şəxs inzibati xəta haqqında işin materialında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunmuş izahatı ilə məhkəmədə vermiş olduğu izahat uyğun gəlmir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı Şəxs ona sillə ilə vurduğunu, yerə yıxdığını bildirmiş, məhkəmə iclasında isə sillə ilə vurmadığını, başına əl ataraq saçından tutub yerdə sürüyüb xəsarət yetirdiyini bildirmişdir. Həmçinin də inzibati xəta haqqında işdə Zərərçəkmiş şəxs Şəxs tərəfindən sillə ilə və ya digər üsulla döyülməsini təsdiq edən sübutlar yoxdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Sabirabad rayon şöbəsinin 07 oktyabr 2023-cü il tarixli 317 saylı rəyində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər alması göstərilsə də, həmin xəsarətlərin Şəxs tərəfindən yetirilməsi, yəni 05 oktyabr 2023-cü il tarixdə Şəxs qonşusu Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında işdə onun izahatında göstərdiyi halı inkar edən sübutlar olmalıdır, belə sübutlar isə inzibati xəta haqqında işin materialında yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunduğuna görə hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkəbi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə Şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində inzibati xəta tərkibi mövcud olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar