Məhkəmə qərarları › İş №3(055)-1302/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1302/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1302/2025 29.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X6 çilingər-santexnik işləyən, Saatlı rayon Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində ödənilməmiş 1550 manat aliment borcu qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı icra sənədi üzrə iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 21 may 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməsində problemlər yaransa da, borclu yığılan aliment borcunu hissə-hissə tələbkara ödəyərək həmin problemi aradan qaldırmış, lakin Saatlı Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutulan 100 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunduqdan sonra borclu Şəxs alimenti aldığı əmək haqqından ödəsə də, hazırda onun ödənilməmiş qalan 1550 manat aliment borcunu ödəməkdən yayınmışdır. Halbuki, borclu ödəmədiyi aliment borcunu tam şəkildə ödəyəcəyinə söz verərək izahat yazmış, lakin hazırda borclu qeyd edir ki, ödənilməmiş qalan 1550 manat alimenti ödəmək üçün aylıq qazancı yetmir. Tərəfindən aparılmış məcburi icra tədbiri kimi borclunun yaşadığı yer üzrə 03 oktyabr 2025-ci il tarixində əmlaklarına baxış keçririlmiş, lakin borclunun borca yönəldiləsi əmlakı müəyyən edilməmişdir. Borclu Şəxs icra müddətində onun çağrışlarından yayınmamışdır. Tələbkar isə yuxarı orqanlara şikayətlər edərək 1550 manat alimentin borcludan alınaraq ona tam ödənilməsini tələb etməyə başlamışdır. Ona görə də borclu Şəxs barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı icra sənədi üzrə iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə hissə-hissə də olsa tələbkara ödəmiş, tələbkarla aralarında ciddi narazılıq olmamış, lakin Saatlı Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı qərardadı ilə bir uşaq üçün ondan tutulan alimentin məbləği indeksasiya olunaraq artdıqdan sonra alimenti aldığı əmək haqqı ilə ödənilməsində çətinlik yaranmışdır. Belə ki, rayon xəstəxanasında çilingər işləməklə 433,21 manat əmək haqqı alır və aldığı əmək haqqının 280-300 manatı hər ay tələbkarın xeyrinə aliment ödənişi kimi tutulur, əmək haqqından qalan pul isə onun kredit borcuna tutulur. O, hazırda yeni ailə həyatı qurmuş və bu nikahından da onun bir uşağı vardır. Beləliklə, o üç uşağına görə bəzən işdən sonra qazanc əldə etməyə çalışır ki, uşaqlarının maddi ehtiyacını ödəyə bilsin, amma yenə də ödənilməmiş qalan 1550 manat alimenti tam ödəmək üçün qazancı yoxdur. O, heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, icra sənədlərinin icrasından qərəzli imtina etməmiş, onun özünü və yeni ailəsinin maddi ehtiyacını ödəməkdə qaynatası və onu istəyən yaxınları kömək etmişlər. Onun aylıq qazancı yaxşılaşan kimi tələbkarın tələb etdiyi aliment borcunu tam ödəyəcəkdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmçinin göstərdi ki, istifadəsində olan avtomobili etibarnamə əsasında idarə edir və həmin avtomobil qaynatasına məxsusdur. Qaynatası avtomobili ona vermişdir ki, uşağını qış aylarında orta məktəbə aparıb və gətirsin. Aldığı əmək haqqından başqa onun sabit qazancı yoxdur, həyətyanı təsərrüfatında isə ona aid heyvan yoxdur. Bu hal icra məmuru əmlakına baxış keçirərkən də müəyyən edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı və 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı icra sənədləri üzrə ona ödəməli olduğu aliment pulunu heç vaxt könüllü şəkildə onun xeyrinə ödəməmişdir. Belə ki, o yuxarı orqanlara və icra məmuruna etmiş olduğu çoxsaylı şikayətlərindən sonra borcludan aliment pulunu ala bilmişdir. Hazırda da borclu Şəxs aldığı əmək haqqından hər ay 440 manat aliment tutulmalı olduğu halda, 260-290 manat tutulmuş və bu halda 1550 manat alimentin ona ödənilməməsi ilə nəticələnmişdir. O, borclu Şəxs qalan alimenti ona ödəyə bilməməsinə inanmır. Belə ki, borclunun həyətyanı təsərrüfatında heyvanları, istifadəsində avtomobili var və işdən sonra başqa qazancı da olur, o istəsə hər ay alimenti tam ödəyə bilər, amma bunu qərəzli şəkildə etmir. Hazırda da o, qalan 1550 manat alimentin borcun ona tam ödənilməsini Şəxs tələb edir, əks təqdirdə məsuliyyətə cəlb edilməsini xahiş edir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı icra sənədindən görünür ki, icra sənədi üzrə borclu Şəxs iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 21 may 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Seyfullayeva (Vəliyeva) Arzu Abbas qızının xeyrinə ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 30 iyul 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişlərdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı və 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı icra sənədləri Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün könüllü müddət verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı qərardadından görünür ki, Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutulan 100 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 03 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı və 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs əmlakına baxış keçirilmiş və heç bir əmlak aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X6 çilingər-santexnik işləyir və aylıq əmək haqqı 452 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Saatlı Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(055)-711/2019 saylı və 27 fevral 2025-ci il tarixli, 8(055)-40/2025 saylı icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməmiş qalan 1550 manat aliment borcunun borclu Şəxs tərəfindən tam ödənilməsini tələb edir. Hazırda borclu tərəfindən hər ay ödənilməli olan 440 manat aliment onun aldığı əmək haqqından hər ay 280-300 manat tutulmaqla tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilir. Borclunun isə qeyd edilən sabit qazancından başqa qazancı və başqa əmlakı yoxdur ki, ödənilməyən aliment borcu borclunun həmin qazancına və ya əmlakına yönəldilsin. Bu hal icra məmurunun 03 oktyabr 2025-ci il tarixli aktı ilə də sübut olunur. İcra sənədinin icrası müddətində borclu Şəxs aliment borcunu ödəməkdən imtina etməmiş, icra məmurunun çağırışlarından yayınmamış, ödənilməyən qalan alimenti də borclu yaxın zamanda ödəyəcəyinə söz verir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxx 1985-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar