Məhkəmə qərarları › İş №3(055)-1350/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-1350/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-1350/2023 15.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1981-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayon Xanlarkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 dekabr 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Əliyev X3 Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir və hazırda üzərində 666 manat ödənilməmiş qalan aliment borcu qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədi ilə əlaqədar hazırda ödənilməmiş qalan aliment borcu 666 manat təşkil edir. Borclu hər ay aliment borcundan ödəniş etsə də, hazırda tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir.Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)- 901/2023 saylı icra sənədinə əsasən ondan 14 noyabr 2008-ci ildə anadan olmuş X4 və 30 aprel 2010-cu ildə anadan olmuş X5 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Hazırda işləmir. Maddi vəziyyəti ilə əlaqədar aliment borcunu tələbkara tam şəkildə ödəyə bilməmişdir. Lakin buna baxmayaraq icra sənədi icraya yönəldilən vaxtdan hal-hazıradək mütəmadi olaraq ümumilikdə 16 min manatdan yuxarı aliment borcu ödəmişdir. Bundan başqa isə 17 noyabr 2023-cü il tarixdə 50 manat, 22 noyabr 2023-cü il tarixdə isə 290 manat aliment borcundan ödəniş etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədinə əsasən Şəxs 14 noyabr 2008-ci ildə anadan olmuş X4 və 30 aprel 2010-cu ildə anadan olmuş X5 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Hazırda ödənilməmiş qalan 666 manat aliment borcunun hamısının ödənilməsini, əks təqdirdə borclu barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə 50 manat, 22 noyabr 2023-cü il tarixdə isə 290 manat aliment borcundan ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-901/2023 saylı icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs olan borcundan 17 noyabr 2023-cü il tarixdə 50 manat, 22 noyabr 2023-cü il tarixdə isə 290 manat, keçən müddət ərzində isə müxtəlif məbləğlərdə olmaqla mütəmadi qaydada ümumilikdə 16 min manatdan çox aliment borcu ödəmiş və bundan sonra da qalan borcunu ödəyəcəyinə söz verərək, icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. İşin müəyyən olunan bu halı artıq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti ilə uzlaşmır. Hazırda Şəxs bəhs olunan icra vərəqəsi üzrə borcunu tam şəkildə ödəməməsi subyektiv deyil, məhz obyektiv səbəblə, yəni maddi imkanının olmaması ilə bağlı olmuşdur. Şəxs hərəkətlərinin təhlili ilə müəyyən olunur ki, borclunun üzərinə qoyulmuş vəzifələrin mahiyyətini dərk etməsi, icra sənədi üzrə mütəmadi şəkildə aylıq ödənişlərə yaxın məbləğdə ödənişlər etməsi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmadığını təsdiq edir.Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu tam şəkildə ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar