Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-146/2024 17.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Mən, Saatlı Rayon Məhkəməsinin hakimi Qasımov Vüqar İnqilab oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Muğan regional X1 İdarəsindən daxl olmuş materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında 09 fevral 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 05-09 fevral 2024-cü il tarixlərdə Saatlı rayonunun Günəşli kəndində inşa edilmiş məktəb binasında planlı YTM keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şərait yaradılmamış, nəticədə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Saatlı Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(052)-146/2024 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İXM-nin 518.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Muğan regional X1 İdarəsi tərəfindən şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli, 3(106)-181/2024 nömrəli qərarı ilə şikayət təmin olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 3(052)- 146/2024 nömrəli inzibati xəta haqqında iş üzrə Saatlı Rayon Məhkəməsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə 22 fevral 2024-cü il tarixli qərardadı və 18 mart 2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 602.4-cü maddəsində qeyd olunmuşdur ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 518.3-cü maddəsinə görə isə inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda qeyd olunmuş hallarla, Tikinti Quraşdırma AZ NY” Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad olunmuş İXM-nin 518.3-cü maddəsinin dispozisiyası arasında ziddiyət vardır. Bundan başqa inzibati xətalar materiallarının göndərilməsi barədə Saatlı Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, inzibati xəta hərəkəti İXM-nin 602.4-cü maddəsinin dispozisiyasına uyğun yazılmışdır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.1-100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: Protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-nin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 09 fevral 2024-cü il tarixli, MN- 0504325 nömrəli inzibati xəta haqqında protokol üzrə müəyyən edilən hal İXM-nin 602.5-ci maddəsinin dispozisiyasına uyğun yazıldığı halda, pozuntuya yol verilmiş inzibati xəta üzrə İXM-nin 518.3-cü maddəsi qeyd olunmuşdur. Bu hal da məhkəmənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyi məsələlərdən biridir. Həmin ziddiyətdən aşkar görünür ki, protokol İXM-nin 100.1.1.-100.1.10-cu maddələrinin tələblərinə uyğun tərtib olunmamışdır. Qeyd olunan hal da Azərbaycan Respublikası İXMnin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Muğan regional X1 İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Muğan regional X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(055)-146/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-146/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver