Məhkəmə qərarları › İş №3(055)-158/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-158/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-158/2024 27.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2006-cı ildə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonunun Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 fevral 2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(009)-1722/2023 saylı qərarının icrasını təmin etməmiş və ictimai işlər növündə inzibati tənbehin icrasından boyun qaçırmışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(009)-1722/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh seçilmişdir. Lakin Şəxs ictimai işlər inzibati tənbeh növünü çəkməkdən qəti surətdə imtina etmiş, yəni iş yerinə getməmiş, elektron nəzarət vasitəsi gəzdirməmişdir. Ondan dəfələrlə məhkəmə qərarının icrası tələb olunsa da, nəticə olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(009)-1722/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh seçilmişdir.Maddi imkanı olmadığından Saatlı şəhərinə gəlib ona tapşırılmış işləri yerinə yetirə bilməmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(009)-1722/2023 saylı qərarı üzrə icra məmurunun qanuni tələblərinə əməl etməmiş və ictimai işlər növündə inzibati tənbehin icrasından boyun qaçırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin dispozisiyasına görə ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmaması onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hallar yoxdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin sanksiyasına görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə növündə inzibati tənbehin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilir. Buna görə də Şəxs İXM-nin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(009)-1722/2023 saylı qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(009)- 1722/2023 saylı qərarının icrasına xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar