Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-158/2025 05.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə Azərbaycan Respublikası DİN-in BDYPİ Xüsusi Tağım YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası DİN-in BDYPİ Xüsusi Tağım YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə hər bir protokol üzrə 400 manat məbləğində cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 22 fevral 2022cü il tarixli, 3(055)-82/2022 saylı qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsa da, həmin Məhkəmənin 12 sentyabr 2022-ci il tarixli, 3(055)- 82/2022 saylı qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-in BDYPİ Xüsusi Tağım YPX inspektoru X2 tərəfindən qəbul 25 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi 400 manat məbləğində cərimə edilmişdir. Ona görə də Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin şikayət etdiyi qərarını qeyri-qanuni hesab edir və həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması, eləcə də şikayətə dair mülahizə və vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133-cü maddəsinə əsasən şikayətçi və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 3(055)-82/2022 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 3(055)-82/2022 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Saatlı Rayon Məhkəməsi hakiminin 22 fevral 2022-ci il tarixli 3(055)-82/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan vəvətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və iş üçün əhəmiyyətli olan hallar sübuta yetmədiyindən, həmin inzibati xətanın törədilməsində X6 inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında işüzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək və qeyd olunan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, şikayət təmin olunmaqla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-in BDYPİ Xüsusi Tağım YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 75, 84, 114, 128-131 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN-in BDYPİ Xüsusi Tağım YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-158/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-158/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver