Məhkəmə qərarları › İş №3(055)-160/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-160/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-160/2024 28.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə xx xxxxxxxx 1989-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayon Smada kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 28 fevral 2024-cü il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X1 Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(055)-1109/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(055)-1109/2019 saylı icra sənədinə əsasən X6 08 noyabr 2017-ci ildə anadan olmuş Hümeyra adlı uşağı ilə ünsiyyət hüququ hər həftənin şənbə, bazar günləri və bayram günləri saat 10:00-dan 15:00-dək təmin edilməsi qət edilmişdir. Lakin borclu Məlikə Həbibə müxtəlif bəhanələrlə icra sənədinin icrasına maneə törədir. O, dəfələrlə həmin icra sənədinin icrasına maneə yaratmamasını X2 tələb etsə də, borclu öz hərəkətlərini davam etdirmişdir. Odur ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(055)-1109/2019 saylı icra sənədinə əsasən X6 08 noyabr 2017-ci ildə anadan olmuş Hümeyra adlı uşağı ilə ünsiyyət hüququ hər həftənin şənbə, bazar günləri və bayram günləri saat 10:00-dan 15:00-dək təmin edilməsi qət edilmişdir. O, tələbkara uşağı ilə ünsiyyət yaratmağa mane olmur. Lakin uşaq özü atası ilə görüşməyə meyilli deyil. Həmçinin son dövrlər uşaq tez-tez xəstələndiyindən onu atası ilə görüşdürə bilməmişdir. Odur ki, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(055)-1109/2019 saylı icra sənədinə əsasən onun 08 noyabr 2017-ci ildə anadan olmuş Hümeyra adlı uşağı ilə ünsiyyət hüququ hər həftənin şənbə, bazar günləri və bayram günləri saat 10:00-dan 15:00-dək müəyyən edilmişdir. Borclu ona uşağı ilə görüşməsinə lazımi qaydada şərait yaratmır. Hər dəfə müxtəlif bəhanələr gətirərək uşağı ona göstərmir. Gah uşağın xəstələnməyini bəhanə edir, gah da uşağa görüşməmək üçün psixoloji təzyiq edir.Borclunun qanunsuz hərəkətləri ucbatından 2023-cü ilin oktyabr ayından hal-hazıradək uşağı ilə görüşə bilməmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(055)-1109/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar