Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-172/2024 12.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Məmmədabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 12 mart 2024-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 10:00-da Saatlı Rayon Mərkəzi X1 və X4 ünvanlı və ünvansız nalayiq söyüşlərlə söyüb narahat edərək ictimai qaydanı kobud surətdə pozmuş, həmçinin polisin qanuni tələbinə qəsdən tabeçilik göstərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, şəkərli diabet xəstəsidir, mütəmadi olaraq xəstəxanaya gedib müayinə olunur və dərman vasitələri qəbul edir. Həmçinin oğlu qazidir və xəstəxanada müalicə alır. O da bəzən oğluna qulluq etmək üçün onun yanında qalır. Hadisə baş verən gün oğlunun yanından çıxaraq öz dərman vasitələrinin siyahısını almaq üçün Günel adlı həkimin yanına getmiş, növbədə gözləmiş və növbəsi çatdıqda həkim onu qəbul etmişdir. O, içəridə olduğu zaman tanımadığı bir nəfər kişi qapını açaraq çoxdandır gözlədiyini və nə üçün həkimin hələ də onu qəbul etmədiyini soruşaraq şikayət etməyə başlamış, həmin vaxt mübahisə böyümüş və səs-küy yaranmışdır. Kənarda olan çoxlu qadın səs-küyə gələrək nə olduğu ilə maraqlanmışlar. Həmin vaxt bir qadın mübahisəyə müdaxilə etmiş, o da xəstəliyinə görə gündə bir neçə dəfə müxtəlif dərmanlar qəbul etdiyi üçün özündə olmamış və “sənə nə oldu, sənin də başın xarab oldu?” kimi ifadə işlətmiş, lakin heç kimi təhqir etməmiş və söyməmişdir. Daha sonra orada olanlardan biri ona həmin qadının şəhid anası olduğunu demiş, o da öz oğlunun da qazi olduğunu demiş, nə üçün belə etdiklərini soruşmuşdur. Daha sonra, həkim həmin şəxsləri otaqdan çıxarmış və mübahisə dayanmışdır. Lakin o, otaqdan çıxdıqdan sonra dəfələrlə oğluna görə təcili yardım maşını ilə evinə gəlmiş şəhid qardaşı Məhərrəm Məhərrəmov ona müdaxilə edən qadının şəhid anası olduğunu, ağladığı üçün ondan üzr istəməli olduğunu bildirmişdir. O da özünün canlı şəhid atası olduğunu, onun da əziyyət çəkdiyini, xəstə olduğunu demiş və heç bir şey etmədiyi üçün üzr istəməmişdir. O, heç kimi söyməmiş, təhqir etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, hadisə baş verən gün o da xəstəxanada olmuşdur. Həkimin otağından səs-küy gəldiyi üçün otağa daxil olmuş və orada bir nəfər tanımadığı şəxsin həkimlə mübahisə etdiyini görmüş, həmin adama sakitçilik yaratmasını, burada hər hansı problem olmadığını demiş, lakin Şəxs həmin sözün ona deyildiyini zənn edib ona qarşı nalayiq ifadələr işlədərək onu söymüşdür. O da Şəxs onun kim olduğunu bilib bilmədiyini soruşmuş, Şəxs də onun kim olduğunu bilmədiyini, özünün də canlı şəhid atası olduğunu demiş, kənardan bir nəfər onun şəhid anası olduğunu dedikdə isə Şəxs ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X16 izahatında göstərdi ki, X11 ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Həmin müraciət əsasında Şəxs polis şöbəsinə dəvət edilmiş, lakin polis şöbəsinə gəlməkdən boyun qaçırmağa çalışmış, polis şöbəsində olarkən səs-küy salaraq qanuni tələblərə əməl etməmişdir. Ona görə də o, Şəxs barəsində raportla Saatlı RPŞ-nin rəisinə müraciət etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X14 izahatında göstərdi ki, Şəxs şəhid anasını təhqir etməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olmuş və həmin məlumat əsasında Şəxs polis şöbəsinə dəvət olunmuşdur. Lakin Şəxs qanuni tələblərə tabe olmayaraq müqavimət göstərməyə çalışmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X9 izahatında göstərdi ki, Şəxs şəhid anasını təhqir etməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olmuş və həmin məlumat əsasında Saatlı rayonu Məmmədabad kəndində yaşayan Şəxs həmin kənddə çayxanada müəyyən edilərək polis şöbəsinə dəvət olunmuşdur. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərməyə çalışmış, həmçinin polis şöbəsində olarkən də müqavimət göstərmişdir. Məhkəmə baxışı iclasında videogörüntülü danışıq vasitəsi ilə əlaqə yaradılaraq şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, hadisə baş verən gün o, xəstəxanda olmuşdur. Orada olarkən Şəxs şəhid anasını söyməsi və mübahisə baş verməsi ilə bağlı məlumat almışdır. Şəxs şəhid anasını söyməsini görməmişdir. Lakin o, Rəcəbə söydüyü qadının şəhid anası olduğunu, niyə belə hərəkət etdiyini demiş, o da cavabında yaxşı elədiyini, həmin qadının şəhid anası olduğunu bildiyini, bilərək söydüyünü demiş, o, Rəcəbdən üzr istəməsini xahiş etmiş, lakin Rəcəb üzr istəməyəcəyini, bunun üçün vaxtı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 11 mart 2024-cü il tarixli ərizədən görünür ki, X11 ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək 11 mart 2024-cü il tarixfə saat 10:00 radələrində Saatlı rayonu Məmmədabad kənd sakini Şəxs Saatlı rayon RMX-də onu nalayiq ifadələrlə söyərək təhqir etdiyini bildirmiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 11 mart 2024-cü il tarixli ərizədən görünür ki, X6 ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək 11 mart 2024-cü il tarixfə saat 10:00 radələrində Saatlı rayonu Məmmədabad kənd sakini Şəxs Saatlı rayon RMX-də onu nalayiq ifadələrlə söyərək təhqir etdiyini bildirmiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 12 mart 2024-cü il tarixli raportdan görünür ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X5 RPŞ-nin rəisi Hikmət Vəliyevə raportla müraciət edərək 12 mart 2024-cü il tarixfə saat 11:00 xidməti zərurətlə əlaqədar olaraq digər polis əməkdaşları ilə birlikdə X11 və X3 müraciətləri ilə bağlı olaraq Saatlı rayonu Məmmədabad kənd sakini Şəxs şəhid ailələrini nalayiq ifadələrlə söyməsinə görə Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və onlarla birlikdə Saatlı RPŞ-yə gəlməsini bildirmişlər. Lakin Şəxs onların tələblərinə tabe olmayaraq qaçmağa cəhd etmiş, buna görə də onu yaxalayaraq barəsində qanuni tədbir görülməsi üçün Saatlı RPŞ-yə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş X3 Saatlı RPŞ-yə verdiyi izahatından görünür ki, o, Saatlı RMX-də sürücü işləyir. 11 mart 2024-cü il tarixdə xəstəxanda olarkən eşitmişdir ki, Şəxs xəstəxanda xadimə işləyən şəhid anası X2 təhqir etmişdir. Ona görə də o, Rəcəbi kənara çəkərək Səadətin şəhid anası olduğunu bildirmiş və nə üçün söydüyünü soruşmuş, Rəcəb cavabında ona şəhid anası hərləmədiyini bildirmiş və onu da söyüb təhqir etmişdir. Buna görə də o, ərizə ilə Saatlı RPŞ-yə müraciət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 10:00-da Saatlı Rayon Mərkəzi X1 və X4 ünvanlı və ünvansız nalayiq söyüşlərlə söyüb narahat edərək ictimai qaydanı kobud surətdə pozmuş, həmçinin polisin qanuni tələbinə qəsdən tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsini etiraf etməsə də, onun həmin inzibati xətaların törədilməsində təqsiri şahid ifadələri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs izahatını özünü müdafiə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 12 mart 2024-cü il tarixdən saat 16:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-172/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-172/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver