Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-176/2024 15.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1977-ci il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayonu Əlisoltanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 15 mart 2024-cü il tarixli, MN ******* saylı protokolda qeyd olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(055)-937/2023 saylı icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(055)-937/2023 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs onunla birgə nikahlarından 13 noyabr 2010-cu il tarixdə doğulmuş Amin adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Onun hazırda barəsində nə üçün protokol tərtib edilməsi ilə bağlı məlumatı yoxdur. Belə ki, o, məhkəmə qətnaməsi qəbul edildikdən sonra icra məmurunun çağırışlarına əsasən uşağı anası ilə görüşməyə gətirmişdir. Sadəcə uşaq anası ilə görüşmək istəmir. O, heç vaxt icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etməmiş, tələbkarın uşağı ilə görüşünə mane olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(055)-937/2023 saylı icra sənədinə əsasən 13 noyabr 2010-cu il təvəllüdlü Amin adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin qətnamə qəbul olunduqdan sonra borclu icra sənədini icra etməmiş, lakin barəsində məcburi gətirmə tətbiq olunduqdan sonra uşaqla görüşməsinə icazə vermişdir. Hazırda uşaq atası tərəfindən psixoloji təsirə məruz qalır və onunla görüşmək istəmir. O, uşağın atası tərəfindən psixoloji təsirə məruz qalması və onunla görüşmək istəməməsi ilə bağlı icra məmuruna ərizə ilə müraciət etmişdir. Hazırda borclu uşağın onunla görüşməsinə mane olmur, lakin uşağa psixoloji təsir göstərdiyi üçün uşaq onunla görüşmək istəmir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məkəmədən xahiş etdi. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(055)-937/2023 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs ilə birgə nikahlarından 13 noyabr 2010-cu il tarixdə doğulmuş Amin adlı uşağı ilə ünsiyyətdə olmaq hüququnun hər həftənin şənbə günü saat 10:00-dan (iddiaçının yanında gecələməklə) bazar günü saat 20:00-dək, Yeni il və Novruz bayramı günlərinin hər birində bir gün saat 10:00-dan saat 17:00-dək, həmçinin uşağın doğum günü (hər il noyabr ayının 13-ü) saat 10:00-dan saat 17:00-dək təmin edilməlidir. Həmin icra sənədinin icrası ilə bağlı borcluya məlumat verilmiş, lakin borclu icra sənədini icra etməmiş, daha sonra borclu barəsində olan məcburi gətirmə qərarına əsasən Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və izahatı alınarkən icra sənədi barəsində məlumatı olmadığını bildirmişdir. Həmin vaxtdan sonra isə borclu icra sənədinin icrası ilə bağlı çağırışlara gəlmiş və uşağın anası ilə görüşməsinə mane olmamışdır. Borclu ölkə ərazisində olmadığı müddətdə isə o, uşağın təhsil aldığı müəssisəyə müraciət edərək anası ilə görüşməsini təmin etmişdir. Lakin tələbkar uşağın borclu tərəfindən psixoloji təsirə məruz qalması ilə bağlı ərizə ilə şöbəyə müraciət etmiş, bununla bağlı Qəyyumluq və himayəçilik orqanına müraciət edilmiş və verilmiş rəydə uşağın anası ilə görüşməməsinə səbəb kimi psixoloji təsirə məruz qalması və psixoloji dəstək almasının zəruri olduğu göstərilmişdir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(055)-937/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə birgə nikahlarından 13 noyabr 2010-cu il tarixdə doğulmuş Amin adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ hər həftənin şənbə günü saat 10:00-dan (iddiaçının yanında gecələməklə) bazar günü saat 20:00-dək, Yeni il və Novruz bayramı günlərinin hər birində bir gün saat 10:00-dan saat 17:00-dək, həmçinin uşağın doğum günü (hər il noyabr ayının 13-ü) saat 10:00-dan saat 17:00-dək təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(055)-937/2023 saylı icra vərəqəsinin icrası ilə bağlı görüş üçün təyin olunmuş 21 dekabr 2023-cü il tarixdə uşaq anası ilə görüşməkdən imtina etmiş, dəfələrlə təkid olunmasına və profilaktik söhbətlər aparılmasına baxmayaraq, uşaq anası ilə görüşməkdən imtina etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 25 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(055)-937/2023 saylı icra vərəqəsinə əsasən övladı Aminlə görüşməli olduğunu, lakin övladının psixoloji təsir altında olduğunu və psixoloq təyin edilməsi üçün işin Qəyyumluq və himayəçilik orqanına yönəldilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının rəyindən görünür ki, 13 noyabr 2010-cu il təvəllüdlü X2 anası Zərərçəkmiş şəxs ilə görüşmək istəməməsinə səbəb kimi onun təsir altında olması və əlavə psixoloji dəstəyə ehtiyacı olması müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsin görə fiziki, vəzifəli şəxslər və hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Göründüyü kimi, bu maddənin tərkibi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilmədiyi hallarda yaranır. Məhkəmədə işin araşdırılan halları və proses iştirakçılarının izahatları ilə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Saatlı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(055)-937/2023 saylı icra sənədinin icrası vaxtlı-vaxtında yerinə yetirilmiş, borclu Şəxs icra məmurunun çağırışlarına əsasən tələbkar Zərərçəkmiş şəxs 13 noyabr 2010-cu il təvəllüdlü X4 ilə görüşməsinə hər hansı şəkildə mane olmamışdır. Tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs uşağa psixoloji təsir etməsi ilə bağlı Saatlı Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, həmin müraciətə əsasən Saatlı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının rəyi alınmış və rəydə 13 noyabr 2010-cu il təvəllüdlü X2 anası Zərərçəkmiş şəxs ilə görüşmək istəməməsinə səbəb kimi onun təsir altında olmasının və əlavə psixoloji dəstəyə ehtiyacı olmasının müəyyən edildiyi göstərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs həmin rəyi borclunun icra sənədini icra etməməsi ilə əlaqələndirərək icra sənədinin icra olunmasını icra məmurundan tələb etmişdir. Həmin rəyə əsasən İcra məmuru borclunun barəsində hazırki inzibati xəta haqqında 15 mart 2024-cü il tarixli, MN ******* saylı protokolla məhkəməyə müraciət etmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, hal-hazırkı vəziyyətdə borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları 15 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunsa da, işin faktiki halları ilə sübuta yetirilməmişdir. Odur ki, Şəxs 15 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi halı mövcdu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-176/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-176/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver