Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-187/2023 24.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Saatlı rayonunun Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 fevral 2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonunun Məmmədabad kənd sakini Şəxs heç bir müvafiq sənədləri olmayan «TOZ-63» markalı, 16 çaplı, 67003 nömrəli, yivsiz qoşalülə ov silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Saatlı rayonunun Məmmədabad kəndində atasına məxsus evdə valideynləri və digər ailə üzvləri ilə birlikdə yaşayır. Babası Böyükkişidən atası Elxana yadigar qalmış ov tüfəngi uzun müddətdir ki, onların yaşadıqları evdə istifadə olunmadan qalır. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək evdə saxlanılan «TOZ-63» markalı, 16 çaplı, 67003 nömrəli, yivsiz qoşalülə ov silahının sənədlərinin olub-olmamasını soruşmuş, lakin silahın heç bir sənədi olmadığından polis əməkdaşları onu ov silahı ilə birlikdə sənədləşdirmə adı ilə polis şöbəsinə gətirmişlər. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o isə protokolun hansı səbəbdən tərtib olunduğunu bilmədən həmin protokoa imza etmişdir. Bir daha bildirir ki, ov tüfəngi uzun müddət əvvəl babasından yadigar qalmış, özü silahdan heç vaxt istifadə etməmiş, silah X1 istifadəsində olmuş, sadəcə olaraq sonuncu həmin vaxt evdə olmadığından silahı polis əməkdaşlarına o təqdim etmişdir.Ona görə də göstərdiklərinin nəzərə alınıb, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, Şəxs onun oğludur. Ov tüfəngi atası Böyükkişidən ona yadigar qalmış, oğlu Elşənin isə həmin silahla heç bir əlaqəsi olmamış, polis əməkdaşları evə gələn vaxt Elşən ona bu barədə məlumat vermiş, o da sonuncuya silahı polisə təqdim etməsini tapşırmışdır. Sonradan polis əməkdaşlarının Elşən barəsində inzibati xəta haqqında protokol tərtib etməsini öyrənmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «TOZ-63» markalı, 16 çaplı, 67003 nömrəli, yivsiz qoşalülə ov silahı babası Böyükişi adlı şəxsdən atası Elxana yadigar qalmış, həmin silah Elxanın istifadəsində və nəzarətində olmuş, sonuncu həmin vaxt evdə olmadığından silahı polis əməkdaşlarına Elşən təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. «TOZ-63» markalı, 16 çaplı, 67003 nömrəli, yivsiz qoşalülə ov silahı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-187/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-187/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver