Məhkəmə qərarları › İş №3(055)-187/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-187/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-187/2024 08.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26 mart 2024-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonu Potubəyli kənd sakini Şəxs heç bir müvafiq sənədləri olmadan qanunsuz saxladığı bir ədəd “Toz-63” markalı, 16 çaplı, N 55305, bala qundaq nömrəsi 775-61 olan yivsiz ov silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qeyd edilən ov tüfəngi babasından qalmışdır. O, həmin tüfəngi təhvil verməyi planlaşdırmış, lakin evi yandığı üçün başqa işlərlə məşğul olmuş və silahı təhvil verə bilməmişdir. Daha sonra isə qonşusu onda silah olması ilə bağlı polis əməkdaşlarına xəbər vermiş və polis əməkdaşları gələrək evində olan ov tüfəngini aşkar edərək götürmüşlər. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 mart 2024-cü il tarixli məlumatdan görünür ki, 06 mart 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayonu Potubəyli kənd sakini Şəxs sənədsiz “Toz-63” markalı, 16 çaplı, N 55305, bala qundaq nömrəsi 775-61 olan yivsiz ov silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialda olan sübutları tədqiq edir və inzibati xəta haqqında işə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı rayonu Potubəyli kənd sakini Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz saxladığı bir ədəd “Toz- 63” markalı, 16 çaplı, N 55305, bala qundaq nömrəsi 775-61 olan yivsiz ov silahı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin dispozisiyasına görə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini, “Toz-63” markalı, 16 çaplı, N 55305, bala qundaq nömrəsi 775-61 olan yivsiz ov silahının müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan “Toz-63” markalı, 16 çaplı, N 55305, bala qundaq nömrəsi 775-61 olan yivsiz ov silahı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar