Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-191/2024 05.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X2 iştirakı ilə, xx xxxxx 1969-cu ildə İmişli rayonunun Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı şəhəri H.Əliyev prospekti, ev 16-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 aprel 2024-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir və hazırda üzərində 1669 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədinə əsasən ondan 2523 manat pul, 46 manat ödənilmiş dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı, cəmi 2669 manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədində göstərilən məbləğin könüllü ödənilməsi barədə bildirişi 23 fevral 2024-cü il tarixdə almış, icra məmurunun xəbərdarlıq məktubunu isə 19 mart 2024-cü il tarixdə almış, səhəri gün, yəni 20 mart 2024-cü il tarixdə borcundan 1000 manat pulu tələbkara qaytarmışdır. 05 aprel 2024-cü ildə icra məmuru onun yaşadığı ünvanda olaraq əmlaklarına baxış keçirmiş, lakin borca yönəldiləsi əmlakının olması müəyyən edilməmişdir. O, hal-hazırda heç bir yerdə işləmir və himayəsində beş nəfər uşaq yaşayır. Bütün bunlara baxmayaraq icra sənədi üzrə olan borcunu tələbkara ödənilməsinin və icra məmurunun qanuni tələblərinə tabe olmağın məsuliyyətini dərk edir və qalan 1669 manat pul məbləğini də məcburi icra müddətinin sonuna kimi tələbkara tam ödəyib qurtaracaqdır. Ona görə də, göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədinə əsasən borcludan ümumilikdə 2669 manat pul alınaraq ona ödənilməlidir. Lakin, Şəxs həmin borcu bir ildir ona tam ödəmir, 20 mart 2024-cü ildə ona 1000 manat ödəmiş, qalan 1669 manatı pulu isə ödəməmişdir. Borcun tam şəkildə ödənilməsini, əks halda borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədində olan 2669 manat pulu bir il ödəməmiş, onun çox saylı şikayətindən sonra borcdan 1000 manat ödəmişdir. Çoxuşaqlı ailəli olduğu üçün pula ehtiyacları vardır. Ona görə də, icra sənədi üzrə olan borcun hissə-hissə deyil, tam ödənilib qurtarmasını tələb edir. İş materialında olan və məhkəmə iclasında elan edilmiş icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədi 23 fevral 2024-cü il tarixdə icra məmurunun icraatına daxil olmuş və borcluya izah edilmişdir ki, icra sənədini 10 gün müddətində könüllü icra etməlidir, əks halda icra məcburi qaydada təmin ediləcəkdir. İş materialında olan və məhkəmə iclasında elan edilmiş 19 mart 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədi üzrə borclu Şəxs icra sənədini 10 gün müddətində könüllü icra etmədiyindən ona xx.xx.2024-cü il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinə gələrək borcu ödəməsi bildirilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədinin icrası ilə bağlı Şəxs Saatlı şəhəri H.Əliyev prospekti, ev 16-da olan evinə və əmlaklarına baxış keçirilərkən tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak müəyyən edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş borclunun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(055)-1028/2023 saylı icra sənədi üzrə olan 2669 manat puldan 1000 manat pulu tələbkara ödəmiş, qalan 1669 manat borcunu iki ay müddətində ödəyəcəyinə söz vermişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, himayəsində beş nəfər uşaq vardır. Borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı izah edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi, onun nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, könüllü icra müddətində tələb ödənilmədiyindən icra məmuru məcburi icra tədbirlərinə başlamış, lakin borclunun əmlakını və qazancını müəyyən etmək üçün görülmüş tədbirlər başa çatmamış, yəni, borclu Şəxs adına nəqliyyat vasitəsinin və daşınmaz əmlakın olub-olmaması səlahiyyətli oqranlar vasitəsi ilə müəyyən olunmamış, onun fərdi sahibkar fəaliyyəti ilə məşğul olması öyrənilməmişdir. Eyni zamanda borclu Şəxs icra sənədi üzrə borclu olduğu puldan tələbkarın xeyrinə 1000 manat məbləğində ödəniş etmiş, qalan borcunu məcburi icra müddətinin sonuna kimi ödəyəcəyinə söz verərək icra məmurunun qanuni tələblərini yerinə yetirəcəkdir. Göründüyü kimi, şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan maddi imkanının yol verdiyi həddə ödəniş etmiş, borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-191/2024
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-191/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver